01:17 04-07-2021
news_image
269
AVRO-2020

İtaliyanın rekordu Romada təkrarlandı - İngiltərə qol buraxmır

İngiltərə millisi AVRO-2020-də ardıcıl 5-ci quru oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yarımfinala yüksələn futbolun yaradıcıları hələlik qol buraxmayıb.

Cordan Pikford qrup mərhələsinin üç matçında qapısını toxunulmaz saxladıqdan sonra seriyasını 1/8 və 1/4 finalda da davam etdirib. Bu, Avropa çempionatlarının final mərhələlərinin mütləq rekordudur.

Dünya və Avropa çempionatlarına gəlincə, İngiltərə rekorda şərik çıxıb. DÇ-1990-da İtaliya yığması ilk 5 görüşdə - üç qrup, 1/8 və 1/4 finalda qol buraxmayıb. 1:1 hesabı ilə başa çatan yarımfinalda Argentinaya penaltilərlə uduzan apenninlilər sonda 3-cü yerlə kifayətlənib.

Maraqlıdır ki, İtaliya həmin seriyasına evdə imza atıb. Elə İngiltərə üçün də bu uğurlu seriya böyük ölçüdə doğma arena ilə bağlıdır. Düzdür, AVRO-2020 qitənin 11 ölkəsində keçirilir. Lakin həm qrupda, həm 1/8 finalda Londonda oynayan Qaret Sautqeytin yetirmələri yarımfinalı, yüksəlsələr finalı da evdə keçirəcək. Yalnız bir görüşü kənarda – Romada keçirən İngiltərə İtaliyanın rekordunu elə onların paytaxtında təkrarlayıb.

Qeyd edək ki, İngiltərə 1/4 finalda Ukraynanı 4:0 hesabı ilə yenib.