13:38 05-07-2021
news_image
184
FUTBOL

80&350, yoxsa cüt “100” - Tbilisidəki qol

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Dinamo” – “Neftçi” oyununda hər iki komandanın ilk qolu yubileylərlə əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, hər iki halda bir qol iki baxımdan diqqət çəkəcək.

Bakı klubu mövsümün ilk rəsmi matçında rəqib qapısına yol tapsa, bu top Azərbaycan klublarının avrokuboklarda 350-ci qolu olacaq. 1994-cü ildən qitə miqyaslı turnirlərdə iştirak edən təmsilçilərimiz indiyədək 349 dəfə fərqlənib.

“Neftçi”nin ilk qolu həm də Azərbaycan komandalarının Çempionlar Liqasında 80-ci topu kimi tarixə düşəcək. İndiyədək qitənin ən nüfuzlu klub turnirində 79 qol vuran çempionlarımız 99 top buraxıb. Bu da o deməkdir ki, “Neftçi” qapısının toxunulmazlığını saxlaya bilməsə, bu rəqəm də 100-ə çatacaq.

Amma 100-ə təkcə Çempionlar Liqasındakı klublarımız deyil, “Neftçi” də çatacaq. Belə ki, “ağ-qaralar” müxtəlif qitə miqyaslı turnirlərdə ümumilikdə 99 qol buraxıb.

Qeyd edək ki, “Dinamo” – “Neftçi” görüşü iyulun 7-də keçiriləcək. Baş tutmayan yubileylər bir həftə sonraya təxirə düşəcək.