00:54 06-07-2021
news_image
161
AVRO-2020

Rekord qıran gənclər – Avropa çempionatları tarixində

Bu həftə başa çatacaq AVRO-2020-də bir neçə gənc futbolçu artıq özünü göstərməyi bacarıb.

Apasport.az saytının məlumatına görə, hətta həmin gənclər sabah yarımfinal mərhələsi start götürəcək turnirdə iki rekord qırıblar.

Biz isə bu yazıda Avropa çempionatları tarixində rekorda imza atan 6 gənc futbolçu ilə sizi tanış edirik.

1. Oyuna çıxan ən gənc futbolçu
Kasper Kozlovski (Polşa) - Avropa çempionatları tarixinin ən gənc futbolçusu rekordu builki turnirdə iki dəfə əl dəyişdirib. Əvvəlcə İngiltərənin Xorvatiyaya qarşı keçirdiyi görüşdə Jud Bellinqem rekordu qırıb. Ancaq cəmi 6 gün sonra İspaniya ilə qarşılaşmada meydana çıxan polşalı Kasper Kozlovski onu üstələyib.

2. Oyuna çıxan ən gənc qapıçı
Xose Anxel İribar (İspaniya) – Anxeldən də gənc qolkiperlər AVRO-1964-ə cəlb edilib. Ancaq turnir zamanı meydana ayaq basan ən gənc qapıçı İribar olub. O, rekorda 1964-cü il iyunun 17-də yiyələnib. Həmin gün İspaniyanın Macarıstan üzərində qələbəsində (2:1) önəmli pay sahibi olan İribar 21 yaş 108 günündə idi. O, eyni zamanda ən gənc Avropa çempionu olan qapıçıdır.

3. Qol vuran ən gənc futbolçu
Yohan Vonlanten (İsveçrə) – Vonlantenin iştirak etdiyi ilk görüşdə ingiltərəli Ueyn Runi dubl edərək, Avropa çempionatlarının ən gənc qolçusu olub. Bu, AVRO-2004-ə təsadüf edib. Ancaq cəmi 4 gün sonra Fransanı mərkəzə dəvət edən isveçrəli hücumçu rekordu ələ keçirib. Vonlanten qol vuranda 18 yaş 141 günlüyündə idi.

4. Seçmə mərhələdə oynayan ən gənc futbolçu
Jud Bellinqem (İngiltərə) – AVRO-2004-ün 1/4 final mərhələsində forma geyinən Runinin bu rekordu da AVRO-2020-də üç dəfə yenilənib. Əvvəlcə Xorvatiya ilə oyunda ispaniyalı Pedri, cəmi bir gün sonra İngiltərə ilə görüşdə almaniyalı Camal Musiala, son olaraq isə 1/4 finalda Ukrayna ilə matçda iştirak edən Jud Bellinqem rekordu yeniləyib. Bellinqem 18 il 4 günlüyündə rekordu ələ keçirib.

5. Finalda oynayan ən gənc futbolçu
Renato Sançes (Portuqaliya) – Sançes gənc olmasına baxmayaraq, AVRO-2016-nı yüksək səviyyədə keçirməklə diqqətləri üzərinə çəkib. 18 yaş 328 günlüyündə final oyununa start heyətində çıxan yarımmüdafiəçi bununla rekorda yiyələnib.

6. Finalda qol vuran ən gənc futbolçu
Pyetro Anastasi (İtaliya) – Anastasi 1968-ci ildə Yuqoslaviyaya qarşı keçirilən final görüşündə komandasını 2:0 hesabı ilə önə keçirən qola imza atıb. Həmin vaxt o, 20 yaş 63 günündə olub. İtaliyalı hələ də qitə birinciliklərinin finalında fərqlənən ən gənc oyunçu rekorduna sahibdir.