09:53 06-07-2021
news_image
304
FUTBOL

Millimizdəki problemdən danışdı - Alessandro Skaya

“Təxminən bir il sonra deyə bilərəm ki, işimizi çox böyütmüşük və bu yöndə də davam edirik”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin məşqçisi Alessandro Skaya deyib.

Baş məşqçi Canni de Byazinin komandasında fitness məşqçisi kimi fəaliyyət göstərən italiyalı mütəxəssis ölkəsinin mətbuatına gördükləri işlər barədə danışıb. Skaya Ramazan ayında işinin daha da çətin olduğunu söyləyib: “Bizim gördüyümüz iş mədəniyyətimizi təhrif etmədən məşqçi zehniyyətini bura gətirməkdir. Ən böyük problem məhz bundan ibarətdir. Çünki burada ehtiras, iqtisadi imkanlar, düşüncələr, hətta böyümək arzusu var. Amma fərqli futboldur. Müsəlman ölkəsidir, Ramazan ayında oruc tuturlar. Düzdür, futbolçuları öz klubları mütəmadi izləyir, amma bəzi vəziyyətlərə diqqət yetirməlisiniz. Məsələn, gün batana qədər su içmədikləri üçün susuzlaşma riski yaranır”.

Alessandro Skaya çempionatdakı komanda sayının azlığına baxmayaraq, futbola yatırılan sərmayəni ürəkaçan sayır: “Mövsüm ərzində dörd dəfə üz-üzə gələn səkkiz komandadan ibarət çempionat var. Bunun da böyüməsinə çalışırıq. De Byazi orada yaşayır və vəziyyəti hər gün izləyir. O, öz oyun fəlsəfəsini milli komandaya aşılayır. Texniki cəhətdən çox fiziki baxımdan mentalitetin formalaşmasına ehtiyac var. Dil problemi o qədər də böyük deyil. Çünki ingilis dilində ünsiyyət qururuq. Düzdür, bu dili bilməyənlər də var. Bundan ötrü tərcüməçi çalışır. Azərbaycanda futbolla bağlı gözəl şərait yaradılıb. Elə AVRO-2020-nin oyunlarının keçirildiyi Bakı Olimpiya Stadionuna baxsanız kifayət edər. Azərbaycan böyüyən ölkədir, həm maliyyələri, həm də iradələri var. Bakı özünüzü yaxşı hiss etdiyiniz müasir şəhərdir”.

42 yaşlı mütəxəssis DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də Portuqaliyaya qarşı səfərdə keçirdikləri matça da toxunub. O, millimizin İtaliyada 0:1 hesablı məğlub olduğu görüşdə rəqibin kapitanı Kriştiano Ronaldoya qarşı yaxşı mübarizə apardıqları qənaətindədir: “Martda Portuqaliyaya qarşı Lissabonda oynamalı idik, lakin koronavirus pandemiyası səbəbindən bu mümkün olmadı. Kriştiano Ronaldo amili Turində qarşılaşmağımıza yol açdı. Onu yaxından görmək fərqli, gözəl duyğu idi. Oyunda Ronaldonu yaxşı “bağlaya” bildik, qol vura bilmədi. Yalnız avtoqol sayəsində qalib gələ bildilər”.