12:07 06-07-2021
news_image
483
FUTBOL

Yaralı “Neftçi”, transferlərsiz baş məşqçi - Uğurlu çıxış üçün yetərlidirmi?

Azərbaycan klubları üçün avrokuboklarda yeni mövsüm sabah start götürür.

Apasport.az saytının məlumatına görə, ilk olaraq uzun fasilədən sonra Çempionlar Liqasında (ÇL) iştirak edəcək “Neftçi” mübarizəyə qoşulacaq.

Rəqib Tbilisi “Dinamo”sunun gücü nədənsə, hədsiz kiçildilir. Hətta “Neftçi”nin növbəti mərhələdə “Olimpiakos”la oyunu barədə düşünənlər də az deyil. Bəli, “Dinamo” çempionumuzun “dişinə” görə rəqibdir. Heyət baxımından da qorxulu deyillər. “Neftçi” ilə oyuna cəmi 4 əcnəbi futbolçu sifariş olunub. Ancaq üç amil Azərbaycan klubunun çəkinməsi üçün kifayət etməlidir. Birincisi, Gürcüstanda çempionat davam edir, “Dinamo” da çempionluq uğrunda mübarizə aparır və yaxşı formadadır. İkincisi, tbilisililərin satdığı oyunçular Moskva “Dinamo”su kimi komandalara keçir. Yəqin razılaşarsınız ki, Rusiya Premyer Liqasına yollanan futbolçu heç də zəif olmaz. Yəni “heyəti onsuz da yerlilərdən ibarətdir” deyib, arxayınlaşacaq bir durum deyil. Üçüncüsü və ən vacibi rəqibin baş məşqçisinin kimliyidir. Kaxaber Sxadadzenin uzun illər çalışdığı Azərbaycanda necə iz qoyduğunu və taktiki cəhətdən güclü mütəxəssis olduğunu hər kəs bilir.

Bəs çempionluq həsrətinə son qoyan Bakı təmsilçisi qitənin ən nüfuzlu klub turnirinə nə dərəcədə hazırdır? “Dinamo”nun üstünlük təşkil etdiyi kateqoriyalarda “Neftçi”nin axsadığı açıq-aşkar göz önündədir. Komanda ötən mövsümün başa çatdığı maydan bəri cəmi 3 yoxlama görüşündə iştirak edib. Yollarını ayırdığı futbolçuların heç biri daha yüksək liqaya getməyib. Hətta çoxu hazırda da heç kimə lazım deyil ki, özünə klub axtarmaqla məşğuldur. Baş məşqçi amilinə gəlincə, hər halda çempionluqda Samir Abasovun əməyi danılmazdır. Ancaq bu, onun ilk uğurudur və özünü təsdiq etmək üçün hələ kifayət deyil. Bundan ötrü ən azı Sxadadze kimi stabil, nəticəyə oynayan heyət formalaşdırmalı və komandası oyunu ilə azarkeşlərə güvən verməlidir.

Fanatları ən çox narahat edən “Neftçi”nin yay transfer fəaliyyətidir. Samir Abasov da əvvəlkilər kimi, “bu mənim heyətim deyil” düşüncəsini tətbiq edir. Dərd orasıdır ki, heç öz heyətini də formalaşdıra bilmir. İcarəyə verilənləri nəzərə almasaq, “ağ-qaralar” 8 futbolçunu yola salıb ki, onlardan 6-sı əcnəbidir. O ki qaldı gələnlərə, heyətdə cəmi 3 yeni sima var. Onlardan da ikisi tanış simadır. Sezar Meza Kolli və Xəyal Nəcəfovun komandaya nə dərəcədə xeyir verəcəyini təxmin etmək çətin deyil. Yalnız Portuqaliyadan gətirilən Harramiz Soares “sirli qutu”dur.

“Neftçi”nin yeganə üstünlüyü əsas heyətin özəyinin qorunmasıdır. Bəs bu Çempionlar Liqasında uğurlu çıxış üçün yetərlidirmi? Yaxşısı budur, mövqelərə tək-tək nəzər yetirək.

“Qapı xətti etibarlı əllərdədir” deməkdə çətinlik çəkirik. Bəli, komanda Aqil Məmmədovla çempion oldu. Ancaq etiraf edək ki, daha yaxşısı olmadığı üçün çərçivə ona tapşırılır.

Samir Abasovun sərəncamında cəmi 4 arxa xətt oyunçusu var, onun da üçü mərkəz müdafiəçisidir. Onsuz da, müdafiə kasad idi. Bu azmış kimi, yola salınan Anton Krivotsyuk və Tallison Diasın boşluğu doldurulmadı. Baş məşqçi 3-lü mərkəz müdafiə ilə oynasa, ehtiyatında onları əvəzləyəcək kimsə olmayacaq. Müdafiənin cinahları bundan betər durumdadır. Ömər Buludov, həmçinin bəzən müdafiənin cinahında oynayan Fəhmin Muradbəyli ilə yola çıxmaq olmaz. Problem ondadır ki, təcrübəsiz gəncləri nəzərə almasaq, sabah Çempionlar Liqası matçına çıxacaq komandanın sol cinah müdafiəçisi, ümumiyyətlə, yoxdur. Vəziyyətdən çıxış yolu üçün ya Mamadu Kaneni müdafiənin sağına çəkib, Öməri solda oynatmalısan, ya da 5-li müdafiə ilə çıxış edib, Yusuf Lavala sol cinahda bel bağlamalısan. İkinci ehtimalda da rəqibin hücumları zamanı arxa xətti azlıqda yaxalamaq çətin olmur.

“Neftçi”nin yeganə problemsiz mövqeyi yarımmüdafiədir. Bu komanda elə orta sahədəki oyunçuların ustalığı sayəsində Azərbaycan çempionu oldu. Mamadu Kane - Emin Mahmudov - Sabir Buqrin “trio”suna Sezar Meza Kolli də qoşulub. Harramiz nisbətən hücumameyilli olduğundan, onu vinger kimi oynatmaq olar. Xəyal Nəcəfov hər nə qədər “Sumqayıt”da uğurlu mövsüm keçirsə də, qəbul edək ki, hələ “Neftçi”ni gücləndirəcək səviyyədə futbolçu deyil.

Hücumdakı durum da ürəkaçan deyil. Onsuz da, bir işə yaramayan Ahmed Ahmedov və Stiven Jozef-Monroz göndərildi. Ancaq indi ehtiyat qüvvə də yoxdur. Baş məşqçinin əlindəki yeganə mərkəz hücumçusu Mirabdulla Abbasov heç Premyer Liqada qol yükünü daşıyacaq səviyyədə deyil, qalmışdı avrokuboklarda komandanı arxasınca aparsın. Görünür, Samir Abasov yenə Namiq Ələsgərovun məhsuldarlığına güvənir. Amma nəzərə alaq ki, Namiq də tipik hücumçu deyil və yaxşı təhlillə bu cür oyunçuları zərərsizləşdirmək çox çətin deyil. Təhlil baxımından nümunə olan Sxadadze çətin ki, Ələsgərov amilini unutsun. Onun “bağlanması” isə “Neftçi”nin qol qolunun kəsilməsi deməkdir.

Göründüyü kimi, Azərbaycan çempionunun yarımmüdafiədən başqa bütün mövqeləri sınıq-salxaq, hətta əskikdir. Stabillik və əsas heyətin qorunması “Dinamo” önündə əsas “silah” olacaq. Əvvəldə də qeyd etdiyimiz kimi, istənilən halda Gürcüstan klubu “Neftçi”nin “dişinə” görədir. Ancaq bu kasad komanda ilə “Olimpiakos” önünə çıxmaq, ümumiyyətlə, Avropa arenasında yol getmək olmaz.