19:52 06-07-2021
news_image
494
FUTBOL

"... Sxadadzeni kopyalayıb, onun yolu ilə gedirəm" - Samir Abasov

“Uzun müddətdən sonra "Neftçi"nin Azərbaycanı bu cür turnirdə təmsil etməsi bizim üçün qürurverici və şərəfdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”su ilə keçiriləcək ilk oyunöncəsi mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis matçın oynanılacağı Boris Payçadze adına “Dinamo Arena”nın mətbuat zalında fikirlərini bölüşüb: “Oyunöncəsi üzərimizdə bir az gərginlik var. Bu da turnirin böyüklüyündən irəli gələ bilər. Bəzi futbolçularımız belə turnirlərdə, ümumiyyətlə, iştirak etməyiblər. İnanırıq ki, sabah meydana çıxdıqdan sonra bu gərginlik kənarda qalacaq və xalqımızı uğurla təmsil edəcəyik. Matça kimi yaşadığımız problemlərdən çox danışmaq istəmirik. Necə hazırlaşdığımızı sabahkı oyun göstərəcək. "Dinamo"nun üzərimizdə bəzi üstünlükləri var. Çempionatları davam edir, həm taktiki, həm də fiziki baxımdan tam hazırdırlar. Biz isə Bakı və Sloveniya toplanışı ərzində 3 yoxlama görüşü keçirmişik. Onun da biri fiziki baxımdan danışılmışdı. Matçın nə qədər gərgin keçəcəyi artıq məlumdur. "Dinamo" da bizim kimi, köklü, tarixi klubdur. Çempionatda qızıl medallara oynayır, oyunlarına baxmışıq. Kaxaber Sxadadzenin gəlişindən sonrakı 5 görüşü izləmişik. Vizual baxmaq ayrı, canlı izləmək isə ayrıdır. Bunu da futbolçular sabah meydanda hiss edəcəklər. Bir daha təkrar edirəm ki, bizi çox gərgin oyun gözləyir. Onların baş məşqçisini yaxşı tanıyıram. Çalışdırdığı komandaların nəyə qadir olduğunu görmüşəm. Çünki futbolçusu olmuşam. Görək, sabah necə olacaq”.

Abasov bildirib ki, əsas heyəti dəqiqləşdirmək üçün hələ bir gün vaxtı var: "Heyət beynimizdə 90-95 faiz bəllidir. Amma tələsmək istəmirik. Əlimizdə olan oyunçuların sistemə uyğun mövqelərini dəyişdik. Cəmi 3 yoxlama görüşü keçirdik. Amma çempionatında 17 oyun keçirən rəqibə qarşı oynayacağıq. Əsas odur ki, meydana çıxan futbolçularımız öz işlərini bilirlər".

"Neftçi"nin çalışdırıcısı sabiq baş məşqçisi olan Kaxaber Sxadadze barədə də fikirlər bildirib: "Mən özüm də həyəcanlıyam. Bir məşqçi kimi bu cür mötəbər yarışda iştirak etmək fəxrdir. Deməzdim ki, Sxadadzeni kopyalayıb, onun yolu ilə gedirəm. Həmişə çalışmışam ki, işlədiyim məşqçilərdən nələrsə öyrənim. Sxadadze də bu mənada ən öndə gedənlərdəndir. Futbolçu olduğum dönəmdən bəzi məqamları xatırlayıram. Sabah bunu komandama öyrətməyə çalışacağam. Burada danışdıqlarımız meydanda üst-üstə düşməyə bilər. Amma inanıram ki, planlaşdırdığımız kimi olacaq".

Baş məşqçi bildirib ki, Çempionlar Liqasında oynamağın gərginliyi başqadır: "Bu, sıradan bir çempionat oyunu deyil. Belə gərginlik olmalıdır ki, haranı təmsil etdiyini, hansı turnirə qatıldığını hiss edəsən. Təcrübə də göstərir ki, həddən artıq çox istəmək "yanmağa" gətirib çıxara bilər. Bütün futbolçuların üzərində məsuliyyət var. Hər bir komandanın özünə görə problemləri var. Məsələn, rəqibin baş məşqçisi oyun çoxluğundan şikayət edirsə, mən oyun azlığından gileylənirəm. Bəzi oyunçularımız düşərgəyə gec qoşuldu. Əgər çox oynamaq rəqib üçün probemdirsə, biz də bundan istifadə etməyə çalışacağıq".

Samir Abasov transfer çalışmalarının ləng getməsinə də aydınlıq gətirib: "Gizlətmirəm, hələ də danışıq apardığımız oyunçular var ki, onların yolunu gözləyirik. Təəssüf ki, bu matça çatdıra bilmədik. Buna baxmayaraq, əlimizdəki oyunçularla yaxşı hazırlıq keçmişik. Bu cür turnirlərdə nəticə iki oyunun hesabına görə müəyyənləşir. Bizi oyunçular, keyfiyyət baxımından müqayisə edirlər. Bununla razı deyiləm. Bu cür düşünsək, səhv yol getmiş olarıq. Keyfiyyət yox, xarakter ortaya qoymalıyıq. Anlamalıyıq ki, hansı ölkəni təmsil edirik. Bacardığımız qədər xarakter göstərib, bu matçlardan başıuca çıxmalıyıq".

Mütəxəssis Gürcüstan çempionunu yaxşı təhlil etdiklərini vurğulayıb: "Dinamo"nu izləmişik. Hələ püşkatma zamanı hansı komanda ilə qarşılaşacağımız təsəvvürümüzdə var idi.  Çünki rəqibdə Kaxaber Sxadadze amili var. Kompakt komanda ilə qarşılaşacağıq. Durmadan 120 dəqiqə qaçmaq gücündədirlər. Necə komanda oyunu göstərdiklərini də görmüşük. Zəif və güclü tərəfləri barədə danışmaq istəmirəm. Çalışacağıq ki, sabah zəif tərəflərindən yararlanaq və güclü cəhətlərindən istifadə edə bilməsinlər".

Qeyd edək ki, sabah Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək “Dinamo” – “Neftçi” görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.