11:00 07-07-2021
news_image
130
FUTBOL

Onların çempionluğuna inanır – Mahir Emreli

“AVRO-2020-də favoritim İtaliya millisidir. Çünki turnirdə ən gözəl oyunu onlar sərgiləyib”.

Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan millisinin hücumçusu Mahir Emreliyə məxsusdur.

Polşa mətbuatına müsahibəsində AVRO-2020 ilə bağlı fikir bildirən “Legiya”nın forvardı turnirin ilk finalçısı olan İtaliya yığmasını çempionluğa layiq bilir. O, bu gün keçiriləcək yarımfinal mərhələsinin ikinci görüşünə münasibət bildirib: “İtalyanların çempion olacaqlarına ümid edirəm. Buna layiqdirlər. Onların ən yaxşı futbolçusu Lorenzo İnsinyedir. Aparıcı oyunçudur, hücumda çox şey edir. Amma Danimarkanı da hesabdan silməzdim. Çünki onlar da yaxşı formadadırlar. Yarımfinalın ikinci cütlüyündə ingilislərin üstünlüyü var, çünki “Uembli”də oynayırlar, azarkeşlərin dəstəyi olacaq”.

24 yaşlı oyunçu qitə birinciliyində onu təəccübləndirən komandaların da adlarını açıqlayıb: “Pley-offlarda bir neçə sürpriz nəticə oldu. Yarımfinalın bir addımlığında dayanan İsveçrə məni təəccübləndirdi. Hər zaman nizam-intizamı ilə məni heyran edən Fransa və Almaniyanın turniri tərk etməsinə təəccübləndim. Belçikanın da oyunu çox xoşuma gəldi. Onların heyətində Torqan Azar diqqətimi çəkdi”.

Qeyd edək ki, İtaliya yığması dünən İspaniya üzərində qələbə qazanaraq finala yüksəlib. Bu gün baş tutacaq yarımfinal mərhələsinin digər matçında İngiltərə ilə Danimarka üz-üzə gələcək.