12:08 07-07-2021
news_image
243
AVRO-2020

İtaliya – İspaniya matçından faktlar – AVRO-2020

AVRO-2020-nin yarımfinal mərhələsinin ilk günü maraqlı məqamlarla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, İtaliyanın İspaniyanı mübarizəni kənarlaşdırdığı qarşılaşma () rekordlar və diqqətçəkən faktlarla yadda qalıb.

- İspaniya İtaliyanın ardıcıl 13 qələbə seriyasını dayandırıb və özünə məxsus olan dünya rekordunu qoruyub (ardıcıl 15 qələbə).
- İtaliya məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir (ardıcıl 33 oyun) və İspaniya ilə Braziliyanın bölüşdüyü dünya rekorduna (35) daha bir addım yaxınlaşıb.
- İspaniya Avropa çempionatları tarixində ardıcıl 3 görüşü əlavə vaxta gedən ilk, böyük turnirlərdə isə 2-ci komanda olub. Birinci dəfə DÇ-2018-də Xorvatiya bu göstəriciyə imza atıb. AVRO-2016-da Portuqaliyanın da 3 pley-off oyununda 90 dəqiqə ərzində qalib müəyyənləşməyib. Lakin bu, ardıcıl matçlar olmayıb.
- İspaniya millisi tarixində ilk dəfə böyük turnirin (dünya və Avropa çempionatları) yarımfinalında məğlub olub. İspanlar əvvəlki 5 yarımfinal cəhdinin hamısında finala yüksəlib.
- İtaliya – İspaniya oyunu qitə birincilikləri tarixinin ən çox izlənilən duelidir (7 dəfə). Həmçinin ardıcıl 4 turnirdə üz-üzə gələn və yarışın bütün mərhələlərində qarşılaşan yeganə cütlükdür (qrup mərhələsi, 1/8, 1/4, yarımfinal, final).
- Avropa və dünya çempionatlarının final mərhələlərində Avropa komandalarının ən çox üz-üzə gəldiyi görüş İtaliya - İspaniya olub (10 dəfə).
- Alvaro Morata İtaliya ilə matçda fərqlənərək, “Yuventus” futbolçularının AVRO-2020-də vurduğu qol sayını 11-ə çatdırıb. Bu isə eyni turnirdə ən çox qol vurma rekordunun təkrarıdır. AVRO-2000-də “Barselona” oyunçuları 11 qola sevinmişdilər.
- İtaliya yığması bir turnirdə 5 fərqli oyunçusu 2 və daha çox qol vuran ikinci komandadır (Federiko Kyeza, Matteo Pessina, Lorenzo İnsinye, Çiro İmmobile, Manuel Lokatelli). Birinci dəfə AVRO-2000-də Fransa bu göstəriciyə imza atıb.