17:11 07-07-2021
news_image
1056
FUTBOL

Portuqaliyadan hücumçu aldı - “Qarabağ”

“Qarabağ” yay fasiləsində 3-cü transferini reallaşdırır.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu hücum xəttinə Portuqaliyadan futbolçu gətirir.

Yüksək liqa təmsilçisi “Vitoriya”nın hücumçusu Abdul-Aziz Yakubu yeni mövsümdən Qurban Qurbanovun sərəncamında olacaq. Klublar arasında danışıqlar artıq müsbət nəticələnib. Gimaraeş təmsilçisinin də icazəsi ilə bu gün Avstriyaya yollanan qanalı forvard orada təlim-məşq toplanışında olan “Qarabağ”la transfer danışıqlarını yekunlaşdıracaq.

23 yaşlı qolçunun ağdamlılarla 4 illik müqavilə imzalaması planlaşdırılır. Keçidin rəsmiləşməsi üçün xırda detallar qalıb. Futbolçunun “Vitoriya” ilə müqaviləsi davam etdiyindən, portuqaliyalılar bu keçiddən 1 milyon avroya yaxın təzminat əldə edəcəklər. Həmçinin gimaraeşlilər Azizin gələcəkdə mümkün satışından qazanc əldə etmək ümidi ilə onun transfer hüququnun bir hissəsini əlində saxlayacaq.

Qeyd edək ki, Abdul-Aziz Yakubu ötən mövsümü icarə əsasında “Eştoril”də keçirib. “Qarabağ” ona qədər Kadi Borqes və Ramil Şeydayevlə heyətini gücləndirib.