17:17 07-07-2021
news_image
122
FUTBOL

“Məqsəd ən azı əsas mərhələyə yüksəlməkdir” – Azərbaycan çempionunun qapıçısı

“Rəqiblərimizlə bağlı hələ ki, geniş məlumata sahib deyiləm. Amma təmsil etdikləri ölkələrin yığma komandalarını izləyirik”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan”ın qapıçısı Rövşən Hüseynli Çempionlar Liqasının ilkin mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verən qolkiper “Kampuksen Dinamo” (Finlandiya), “Raba” (Latviya) və “Europa”ya (Cəbəllüratiq) rəqib olmalarına münasibət bildirib: “Finlandiya millisi son illərdə uğurlu nəticələr qazanmaqla seçilir. Onlar gələn il keçiriləcək Avropa çempionatının final mərhələsində də iştirak hüququ əldə ediblər. Bu da Finlandiyada futzalın inkişafından xəbər verir. Latviya yığması ilə dəfələrlə qarşılaşmışıq. Amma bizimlə qarşılaşacaqları klubların durumu haqda yaxın günlərdə məlumat toplamağa çalışacağıq. Əlbəttə, baş məşqçimiz hazırlığa başladıqdan sonra lazım olan informasiyanı çatdıracaq. Rəqiblərin oyun üslubu, zəif və güclü tərəfləri, eləcə də necə oynamalı olduğumuzu məşqlərdə izah edəcək. Qalır yaxşı hazırlıq keçmək. Sevindirici məqam odur ki, ölkəmizdə zalların fəaliyyətinə qoyulmuş qadağa aradan götürüldü. Deməli, yaxşı məşq etmək imkanımız var. Halbuki, ötən il xalça üzərində qısa hazırlıq keçmişdik. Bu dəfə şərait istədiyimiz kimi olacaq”.

Hüseynli bildirib ki, bu oyunlar həm də Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq: “Sözsüz, qrup mərhələsini birinci pillədə başa vurmaq üçün bütün gücümüzü sərf edəcəyik. Məqsədimiz ən azı əsas mərhələyə yüksəlmək olacaq. Çətin olsa da, çalışacağıq ki, “Araz-Naxçıvan”ın əvvəlki şöhrətini özünə qaytaraq. Çünki “Araz-Naxçıvan” hər zaman iddialı olub”.

Qeyd edək ki, qrupun oyunları Latviyada təşkil olunacaq.