17:40 07-07-2021
news_image
239
FUTBOL

“Mövsümün sonunda “Başakşəhər”ə qayıdacağam” – Mərt Çelik

“Bizim üçün gözəl bir mövsüm geridə qaldı. Hədəfimiz olan çempionluğa qovuşduq. Bu mövsüm də həm yenidən çempion olmaq, həm də Çempionlar Liqasında Azərbaycanı uğurla təmsil etmək istəyirik”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin müdafiəçisi Mərt Çelik Türkiyə mətbuatına müsahibəsində deyib.

Bakı klubunun ötən mövsüm “Başakşəhər”dən 2 illik icarəyə götürdüyü gənc futbolçu məqsədinin Türkiyə təmsilçisinə dönmək olduğunu bildirib: “Neftçi”də ikinci mövsümümü keçirəcəyəm. İnşallah, burada uğurlu mövsüm keçirib, “Başakşəhər”ə qayıdacağam. Qayıtdığım zaman da daha təcrübəli müdafiəçi kimi, orada forma rəqabətinə qoşulmaq istəyirəm. Azərbaycanda da önəmli ulduz futbolçular var. Ümumilikdə Türkiyədəki qədər olmasa da, çempionatın səviyyəsi yaxşıdır. Önəmli yatırımlar edilir”.

Çelik Azərbaycan millisini seçməsinə də aydınlıq gətirib: “Azərbaycanın U-21 yığmasından dəvət gəldi və dəyərləndirmək istədim. Karyeram baxımından Azərbaycan millisini seçməyimin daha doğru olacağını düşündüm. U-21-in heyətində ilk oyunumu Fransaya qarşı keçirdim. Həmin görüşdən bir gün sonra “Neftçi” məni transfer etmək istədi. Bura keçidim də belə reallaşdı. Azərbaycanın əsas millisinə də çağırıldım, üç oyunda iştirak etməsəm də, heyətdə idim. Ümid edirəm ki, bundan sonra oynamaq şansı əldə edəcəyəm. Məşqçilərin və AFFA-nın mənə baxışı gözəldir. Mənim azərbaycanlı və ya türkiyəli olmağımın fərqi yoxdur. Bir millət, iki dövləti ən yaxşı şəkildə hiss edirəm”.

Futbolçu Azərbaycanın torpaqlarını işğaldan azad etdiyi günlərdə burada olduğu üçün sevincli olduğunu söyləyib: “Bütün pəncərələrdə Türkiyə və Azərbaycan bayraqları asılmışdı. Buradakı ilk mövsümümdə belə bir hadisəyə şahidlik etmək məni çox xoşbəxt etdi. Əlbəttə ki, Azərbaycanla Türkiyənin yaxın münasibətdə olduğunu bilirdim, amma bunu canlı görmək məni qürurlandırdı. Bakı çox gözəl şəhərdir. Bura gələnə qədər yalnız şəkillərinə baxmışdım. İstanbulda necə yaşayırdımsa, marketə gedirdimsə, Bakıda da eyni şəkildə günüm keçir”.