17:53 07-07-2021
news_image
108
FUTBOL

“Bu bizim favorit olmağımıza işarədir” - kapitan

“Klublarla bağlı hansısa məlumatım yoxdur. Püşk bu gün atıldı. Yəqin ki, internet vasitəsilə müəyyən informasiyalar əldə edəcəyik, oyunlarına baxacağıq. Texnalogiyanın inkişafı bizə bu imkanı yaradıb”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan”ın kapitanı Rizvan Fərzəliyev Çempionlar Liqasının ilkin mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Təcrübəli oyunçu Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bu gün baş tutan püşkatma barədə fikir bildirib: “Araz-Naxçıvan” qrupunun ən reytinqli komandasıdır. Bu da bizim favorit olmağımıza işarədir. Təbii ki, meydanda vəziyyət dəyişə bilər. Çalışmalıyıq ki, ümidləri doğruldaq. Qarşıya qoyulacaq məqsəd mərhələ adlamaq, mübarizəni əsas mərhələdə davam etdirmək olacaq. Yəqin ki, yaxın günlərdə hazırlıq planı açıqlanacaq. Ciddi hazırlaşmalıyıq. Onu da deyim ki, oyunların keçiriləcəyi Latviyada bir neçə dəfə olmuşuq və bu ölkənin millisi ilə yoldaşlıq matçları keçirmişik. Yəni məkan bizim üçün tanışdır”.

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda “Kampuksen Dinamo” (Finlandiya), “Raba” (Latviya) və “Europa” (Cəbəllüratiq) ilə mübarizə aparacaq.