11:36 08-07-2021
news_image
345
FUTBOL

Dünəni “Barselona”, bu günü icarələr – sabahı qaranlıq

“Sabah”ın yeni transferi Xuan Kamaranın karyerasının əvvəli parlaq gələcək vəd edirdi.

Apasport.az saytının məlumatına görə, ispaniyalının gəldiyi son nöqtə əslində sıradan bir futbolçu olduğunun isbatıdır.

“Vilyarreal” akademiyasında yetişəsən, oradan “Barselona”nın B komandasına yollanasan və bir futbolçu karyerasının ən gözəl illəri sayılan 28 yaşında “Sabah”ın formasını geyinəsən... Bu, göyün yeddinci qatından yerin ən qaranlıq dibinə qədər düşmək kimi bir şeydir.

Kamaranın karyerasına qısaca göz gəzdirək, nə dediyimizi anlayacaqsınız. 2011-ci ildə “Vilyarreal”ın U-19 komandasından C kollektivinə cəlb edilən, bir müddət ikinci heyətində də yer alan vinger 2014-cü ildə “Barselona” akademiyasına qatılıb. Ancaq orada keçirdiyi 4 il ərzində gah Sequndada oynayıb, gah da başqa klublara icarəyə verilib.

Bu illər ərzində Kamaranın öyünə biləcəyi cəmi 2 oyunu olub. 2015/16 mövsümündə “Barselona”nın əsas komandasının heyətində Çempionlar Liqasının qrup mərhələsində “Bayer”lə görüşün son 16 dəqiqəsində Lionel Messi ilə birgə çıxış edib. Həmin mövsüm İspaniya Kral Kubokunda da “Valensiya”ya qarşı yarımfinal mərhələsinin cavab matçının son 14 dəqiqəsində şans qazanıb. Kataloniyalılar ilk görüşdə 7:0 hesablı qələbə qazandığından, Luis Enrike cavab matçına əvəzediciləri meydana buraxmışdı. 2016/17 mövsümündə “Jirona”nın, bir il sonra da “Reus Deportiu”nun heyətində kubokun ikinci mərhələsində təxminən 70 dəqiqə iştirak edib.

Kamara İspaniyada olduğu müddətdə ümumilikdə 154 oyun keçirib, 26 qol vurub. Qolların hamısı da II və III liqada qeydə alınıb.

Futbolçunun peşəkar karyerası ərzində 2018-ci ildə, yəni 24 yaşında başlayıb. O da Avropanın hansısa güclü liqasında yox, Polşada. “Vilyarreal” və “Barselona” məktəbləri görmüş Kamara Polşada da ona bəslənilən ümidləri puç edib. Təsadüfi deyil ki, geridə qalan 3 il ərzində 4 klubun formasını geyinib. Nə “Medz Leqnitsa”da, nə “Yagelloniya”da, nə də icarə əsasında oynadığı  “Dinamo” (Buxarest, Rumıniya) və “Universitatya Krayova”da (Rumıniya) ön xətt oyunçusu kimi istəniləni verməyib. Bu üç il ərzində 89 görüşdə cəmi 8 qol qolçuluq bacarığının nə dərəcədə olduğunu göstərir.

Statistika Kamaranın yenicə yola salınan Ramil Şeydayev, Amadu Diallo və Kevin Kubembadan heç də fərqli olmadığını deyir. Belə bir vəziyyətdə “Sabah”ın onu hansı məntiqlə heyətə qatdığını yalnız klub rəhbərliyi bilər. Ancaq bu cür transfer siyasəti ötən mövsüm fiaskoya uğrayan bir klub üçün xoş gələcək, parlaq sabah vəd etmir.