22:19 08-07-2021
news_image
227
AVRO-2020

Qol buraxmadan ən çox oyun bitirənlər – Pikfordun ilk “5-liy”ə düşmək şansı

İngiltərə millisinin qapıçısı Cordan Pikford Avropa çempionatlarında qol buraxmadan tamamladığı oyun sayına görə ilk “beşliy”ə düşməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, AVRO-2020-nin ilk 5 matçında quru hesabı qoruyan qolkiper bu uğuru finalda da təkrarlayarsa, belçikalı Tibo Kurtuanı yaxalayacaq.

Avropa çempionatlarında qol buraxmadan ən çox oyun tamamlayan qapıçı isə əfsanəvi İker Kasilyasdır. İspaniya millisinin sabiq kapitanı üç dəfə mübarizə apardığı qitə birinciliklərinin 9 oyununda qapısını rəqib hücumçularının üzünə bağlayıb.

Bu mənada ilk “5-lik” aşağıdakı kimidir:

1. İker Kasilyas - 9 oyun
Kasilyas İspaniya yığması ilə 5 dəfə qitə birinciliyinə yollanıb. Ancaq onun yalnız üçündə şans qazanıb. Ümumilikdə final mərhələlərində 14 görüşə çıxan “Real”ın əfsanəsi bunun 9-da qapısının toxunulmazlığını qorumağı bacarıb. Kasilyas Avropa çempionatlarında cəmi 5 top buraxıb.

2-3. Edvin van der Sar – 8
Niderlandlı qolkiper 1996-2008-ci illər aralığında 4 dəfə Avropa çempionatına yollanıb. Keçirdiyi 16 oyunun 8-də rəqib hücumlarına keçid verməyib. Ancaq digər 8 matçda 14 dəfə mərkəzə dəvət edilib.

Canluici Buffon – 8
Hələ də karyerasını davam etdirən Buffon 2004-2016-cı illər ərzində 4 qitə birinciliyində mübarizə aparıb. 17 matça çıxan İtaliya millisinin əfsanəvi qapıçısında həm quru oyunların, həm də final mərhələlərində buraxdığı qol sayı van der Sarla eynidir.

4. Rui Patrisio – 7
Portuqaliya millisi ilə Avropa çempionatına 4 dəfə qatılan Patrisio onun birində oyunları ehtiyatdan keçirib. Ümumilikdə 16 görüşə çıxan 33 yaşlı qapıçı 16 dəfə də topu tordan çıxarmalı olub.

5. Tibo Kurtua – 6
Belçikalı AVRO-2016-da olduğu kimi, builki yarışda da 3 oyunu qol buraxmadan tamamlayıb. Avropa çempionatlarında ümumilikdə 10 matça çıxan Kurtua qapısında 8 top görüb.