22:35 08-07-2021
news_image
192
FUTBOL

“Yalnız “Sumqayıt”ı düşünsək...” – “Çukariçki”nin baş məşqçisi

“Sloveniyaya getməzdən əvvəl heyəti genişləndirməyə çalışdıq. “Çukariçki” Serbiyada üçüncü yeri tutan klubdur, hər məşqdə, hər oyunda bunun ciddiliyini və keyfiyyətləri görə bilərsiniz”.

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Çukariçki”nin baş məşqçisi Duşan Corceviç deyib.

İsrail təmsilçisi “Aşdod”la keçirilən yoxlama görüşündən (1:1) sonra klubun rəsmi saytına fikirlərini bildirən serbiyalı mütəxəssis həm çempionata, həm də avrokuboklara hazırlığın yüksək səviyyədə getdiyini bildirib: “Komandanın yeni mövsümə və avrokuboklara yüz faiz hazır olub-olmadığını qiymətləndirmək çətindir. Bir məşqçi kimi, buna yaxın olduğumuza ümid edirəm. Hər şeyə hazır olmalıyıq. Bazar günündən etibarən “Vozdovaç” və “Sumqayıt”la oyunların hazırlıqlarına başlayacağıq. Ardıcıl oyunlar avrokuboklarda bizə çətinlik yaradacaq. Amma indi yalnız “Sumqayıt”ı düşünsək, çempionat görüşünə lazımi qədər konsentrasiya ola bilmərik”.

Qeyd edək ki, “Çukariçki” ilə “Sumqayıt” arasında ilk oyun iyulun 22-də Belqradda, cavab görüşü isə Sumqayıtda keçiriləcək.