11:18 09-07-2021
news_image
224
FUTBOL

3 transfer istədiyini açıqladı – Ayxan Abbasov

“Təlim-məşq toplanışımız plan əsasında davam edir. Artıq bir yoxlama görüşü keçirmişik, sabah da “Sivasspor”la qarşılaşacağıq”.

Bunu apasport.az saytına açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.

Türkiyədə təlim-məşq toplanışında olan “gənclik şəhəri” təmsilçisi Konfrans Liqasının II təsnifat mərhələsində “Çukariçki” ilə matça hazırlığını davam etdirir. Abbasov Serbiya klubunu təhlil etdiklərini və gücünə bələd olduqlarını bildirib: “Sevindirici haldır ki, zədəlilərimiz sağalıb, kollektivə qoşulub. Həm fiziki, həm də taktiki durumumuzu yaxşılaşdırmalıyıq. Vaxtımız da çox azdır. Eyni zamanda “Çukariçki”ni təhlil edir, futbolçularımızı məlumatlandırırıq. Serbiya klubu iki heyətə malik çox yaxşı rəqibdir. Son yoxlama görüşlərinə də baxanda baş məşqçinin bəzi mövqelərdə dəyişikliklər etdiyini görərik. Serbiyanın U-21 yığmasına dəvət edilən yaxşı gəncləri var. Oyunlarına baxanda hiss edirsən ki, gələcəkdə güclü klublara transfer olunacaqlar. Üstün cəhətləri var, onların üzərində hazırlaşırıq. Boşluqlarından da istifadə etməyə çalışacağıq. “Çukariçki”nin özünəməxsus oyun üslubu var. Bizi çətin oyunlar gözləyir. Amma rəqib qədər bizim də mərhələ adlamaq şansımız var”.

Baş məşqçi heyəti gücləndirməyə çalışsalar da, transfer məsələsində problemlə üzləşdiklərini vurğulayıb: “Transferlər etmək istəyirik, ancaq hazırda real bir variant yoxdur. Düzdür, bəzi oyunçuları izləyirik. Amma hələlik istədiyimiz mövqeyə axtardığımız oyunçuları tapa bilmirik. Yeni transferləri “Çukariçki” ilə oyuna çatdıra bilməsək də, Premyer Liqanın startına qədər bu məsələni yoluna qoymağa çalışacağıq. Çünki rəqabət baxımından yeni futbolçulara ehtiyacımız var. Heyətin geniş olmasını istəyirəm”.

40 yaşlı çalışdırıcı gücləndirməyi düşündükləri mövqeləri də açıqlayıb: “Konkret olaraq 3 transfer planlaşdırırıq. Onlardan ikisi hücumameyilli, biri də müdafiəçi olmalıdır”. 

Qeyd edək ki, “Sumqayıt”la “Çukariçki” arasında ilk oyun iyulun 22-də Belqradda, cavab görüşü isə 29-da Sumqayıtda keçiriləcək.