14:20 11-07-2021
news_image
643
AVRO-2020

İtaliya, yoxsa İngiltərə? - STATİSTİKA

Nəhayət, gözlənilən an yetişdi. Bu gün futbol üzrə Avropa çempionatının, qısaca desək, AVRO 2020-nin finalıdır. 

Apasport.az saytı həlledici görüşdə mübarizə aparacaq İtaliya və İngiltərə millilərinin ölkəmizdə kifayət qədər azarkeş kütləsinin olduğunu nəzərə alıb hər iki yığma arasında baş tutan oyunları, ümumilikdə hər iki komanda haqda bilgiləri ətraflı analiz edib.

Statistika İtaliya deyir
İtaliya və İngiltərə milli komandaları tarix ərzində rəsmi və yoldaşlıq matçlarında nə az, nə çox - 27 dəfə qarşılaşıblar. Bu görüşlərin 11-də apenninlilər, 8-də isə britaniyalılar qələbəyə sevinən tərəf olublar. Komandalar arasındakı 8 qarşılaşma isə “sülh”lə yekunlaşıb. 88 illik əzəli rəqabətdə baş tutan 27 matçda 70 qol qeydə alınıb və hərəyə 35 top vuran rəqiblər bu göstəricidə biri-birini üstələyə bilməyib.

İlk və son oyunlar: yoxlama matçı olub
İtaliya və İngiltərə milliləri ilk dəfə 1933-cü ilin 13 mayında Romada üz-üzə gəliblər. Roma Olimpiya Stadionunda 50 min azarkeşin izlədiyi həmin yoldaşlıq oyunu 1:1 hesabı ilə yekunlaşıb. Tərəflər arasındakı son qarşılaşma isə 2018-ci ilin 27 martına təsadüf edib. Londonda baş tutan görüş yoxlama xarakteri daşıyıb və eyni hesabla yekunlaşıb – 1:1. 

İtalyanların aşkar üstünlüyü
İtaliya və İngiltərə millilərinin yolu dünya və Avropa çempionatlarında cəmi 4 dəfə kəsişib. Mötəbər yarışlarda birincilər rəqibini aşkar üstündür. İtalyanlar sözügedən 4 oyunun 3-də sevinən tərəf olublar. 1 qarşılaşma (AVRO-2012) isə bərabərliklə tamamlanıb. Əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitən həmin matçda italyanlar penaltilər seriyasında rəqibini üstələyərək mərhələni keçən tərəf olub.

Son 10 oyun
İtaliya və İngiltərə milliləri arasında baş tutmuş son 10 oyunda apenninlilərin böyük üstünlüyü gözə çarpır. Son oyunun 4-də İtaliya yığması, 2-də rəqibi qələbəni bayram edib. 4 matçda isə tərəflər "status-kvo"nu poza bilməyiblər. Bu görüşlərdə italyanlar 9, ingilislər isə 8 dəfə fərqlənə biliblər:

27.03.2018. İngiltərə - İtaliya – 1:1
31.03.2015. İtaliya - İngiltərə - 1:1
15.06.2014. İngiltərə - İtaliya – 1:2
16.08.2012. İngiltərə - İtaliya – 2:1
24.06.2012. İngiltərə - İtaliya – 0:0
27.03.2002. İngiltərə - İtaliya – 1:2
15.11.2000. İtaliya - İngiltərə - 1:0
11.10.1997. İtaliya - İngiltərə - 0:0
04.06.1997. İtaliya - İngiltərə - 0:2
13.02.1997. İngiltərə - İtaliya – 0:1

Qrup liderlərinin dueli
Həm İtaliya, həm də İngiltərə millisi AVRO-2020-də öz qrupunu birinci pillədə tamamlayıb. A qrupunda yer almış apenninlilər Türkiyə, İsveçrə və Uelsi məğlub edərək maksimum nəticə göstərib. Bundan sonra 1/8 finalda Avstriyanı, 1/4 finalda Belçikanı, 1/2 finalda isə İspaniyanı məğlub edən İtaliya millisi köhnə qitənin ən mötəbər futbol turnirinin finalına vəsiqəni təmin edib. D qrupunda oynamış İngiltərə millisi isə Xorvatiya, Şotlandiya və Çexiya milliləri ilə görüşlərdə 2 qələbə və 1 heç-heçə əldə edərək qrup birinciliyini təmin edib. Futbolun yaradıcıları 1/8 finalda Almaniya, 1/4 finalda Ukrayna, 1/2 finalda isə Danimarka millisindən üstün olaraq AVRO-2020-nin finalına vəsiqə qazanıb.

Məğlubedilməz armada
AVRO-2020-nin finalına kimi məğlubiyyətsiz irəliləyən İtaliya millisi 33 oyundur ki, uduzmur. Roberto Mançinin yetirmələrini obrazlı şəkildə "məğlubedilməz armada" da adlandırmaq olar. Sözügedən 33 matçın 27-dən qalib kimi ayrılan “Skuadra Adzurra” 6 görüşdə bərabərliyə razı olub. Həmin qarşılaşmalarda rəqib qapılarını 86 dəfə silkələyən 4 qat dünya çempionları öz qapısında cəm 10 top görüb.

İngilis donanması
İtaliya millisi üçün "məğlubedilməz armada" ifadəsini (əslində ispan donanması olub-H.M.) boş yerə işlətmədim. Tarixlə maraqlananlar yaxşı bilir ki, məğlubedilməz armadanı elə ingilislərin hərbi donanması darmadağın edib. Tarixi bir kənara qoyub, futbola qayıtsaq, görərik ki, İngiltərə millisi də doğma meydanda oynadığı son 17 matçda məğlubiyyətin nə olduğunu unudub. İngilislər “Uembli”də oynadığı son 17 oyunda 15 qələbə və 1 heç-heçə edib. Bu qarşılaşmalarda britaniyalılar rəqib qapılarından 46 top keçirib və öz qapılarında cəmi 5 top görüblər. Məhz bu nəticələr və bugünki final matçının “Uembli”də baş tutması, heç şübhəsiz ki, oyunu prinsipial edən amillərdəndir.

İngilislər qol buraxmır
Oynadığı son 12 rəsmi matçda məğlub olmayan (11 qələbə və 1 heç-heçə) İngiltərə milli komandası bu oyunların 10-da qapısından top buraxmayıb. Bu turnirdə yeganə qolu Danimarka millisindən buraxan ingilislər finalda qapısını toxunulmaz saxlayacağı halda, Avropa çempionatları tarixində bütün turnir ərzində 1 top buraxaraq çempionluğu bayram edən dördüncü ölkə ola bilər. Bundan əvvəl 1960-cı ildə sabiq SSRİ, 1972-ci ildə Almaniya və 2012-ci ildə İspaniya belə bir uğura imza atıb.

Təcrübəli finalçı
4 dəfə dünya və 1 dəfə Avropa çempionu olan İtaliya millisini finalların komandası da adlandırmaq olar. 6 dəfə dünya çempionatını finalına çıxan “Skuadra Adzurra” 1934, 1938, 1982 və 2006-cı illərdə təşkil olunan mundiallarının qalibi olub. Bundan başqa, 3 dəfə də Avropa çempionatının finalına vəsiqə qazanan apeninnlilər 1968-ci ildə ilk və tək Avropa çempionluqlarını əldə ediblər. Maraqlı məqamlardan biri də odur ki, İtaliya yığması Avropa çempionatında çıxdığı son 2 final matçından məğlub ayrılıb. İtaliya AVRO-2000-də Fransaya, AVRO-2012-də isə İspaniya millisinə boyun əyib. Böyük turnirlərdə (DÇ və AÇ) 10-cu dəfədir finala vəsiqə qazanan İtaliya bu göstəricidə yalnız Almaniya milli komandasından (14 dəfə) geri qalır.

İngilislərdən siftə
Böyük turnirlərinin (DÇ və AÇ) daimi iştirakçısı olan İngiltərə, nə qədər maraqlı səslənsə də, ilk dəfə Avropa çempionatları tarixində final oynayacaq. Futbolun yaradıcıları buna kimi böyük turnirlərdə yalnız bir dəfə, 1966-cı ilin dünya çempionatında final görüblər. Onlar həmyerlimiz Tofiq Bəhramovun futbol tarixinə qızıl hərflərlə düşdüyü həmin matçda əzəli rəqibləri Almaniyanı məğlub edərək tarixi ərzində ilk və yeganə titula yiyələniblər. 55 ildən sonra yenə böyük bir turnirin finalında oynayacaq İngiltərə millisi uzun müddətdən sonra yenidən mötəbər bir kuboku muzeyinə aparmaq şansı əldə edib.

Finalda 13-cü ölkə
İngiltərə Avropa çempionatları tarixində finallara vəsiqə əldə edən 13-cü ölkədir. Əvvəllər Avropa çempionatının finalına vəsiqə qazanmış 3 ölkə kuboku qazana bilməyib. 1960-cı ildə Yuqoslaviya, 1980-ci ildə Belçika, 2004-cü ildə isə Portuqaliya millisi belə bir antirekorda imza atıb. İki dəfə - 2000 və 2012-ci illərdə Avropa çempionatının finalında məğlub olan İtaliya millisi isə bugünki finalda məğlub olacağı halda, Almaniya və SSRİ-nin sözügedən turnirdə 3 dəfə finalda məğlub olma antirekorduna şərik çıxacaq.

Doğma meydan amili
Bugünki finalda İtaliya nominal ev sahibi hesab olunsa da, matçın İngiltərədə, Londondakı məşhur “Uembli” stadionunda baş tutması “Dumanlı Albion” təmsilçisinə əlavə üstünlük verəcək. Bugünki matç futbol tarixində (dünya və Avropa çempionatları) 11-ci finaldır ki, tərəflərdən biri ev sahibi ölkədir. Daha öncə böyük turnirlərdə həlledici oyuna çıxan 10 ev sahibi ölkənin 7-si finalda qalib gələrək kuboku başı üzərinə qaldırıb. 1958-ci ilin dünya çempionatında İsveç millisi, 2004-cü ilin Avropa çempionatında Portuqaliya və 2016-cı ilin analoji yarışında Fransa final matçında doğma meydan amilindən yararlana bilməyən komandalardır.

Məşqçilər
İtaliya millisinin baş məşqçisi Roberto Mançini uzun müddət İngiltərənin "Mançester Siti" klubunu çalışdırdığından ada futbolu ona heç də yad deyil. Onu qeyd etmək lazımdır ki, Roberto Mançini əfsanəvi Alf Remsidən sonra İngiltərə Premyer Liqasının qalibi olmuş və Avropa çempionatının finalına vəsiqə əldə etmiş ikinci məşqçidir. İngiltərə millisinin baş məşqçisi Qaret Soutqeyt də şəxsi rekordunu yeniləmək niyyətindədir. Təcrübəli məşqçi finalda qalib gələcəyi halda, İngiltərə millisinə böyük turnirlərdə (DÇ və AÇ) ən çox qələbə qazandıran məşqçi ünvanına sahib çıxacaq. Mövcud rekord isə 8 qələbə ilə əfsanəvi məşqçi Alf Remsiyə məxsusdur.

Heyətlər
Hazırda İtaliya millisinin heyətində zədəli Leonardo Spinazzoladan başqa ciddi bir itki yoxdur. İspaniya ilə 1/2 final matçında bu oyunçunun yoxluğu açıq-aşkar hiss olunurdu. Mançininin final matçında Donarumma, Lorenze, Bonuççi, Kellini, Emerson, Barella, Jorjinyo, Veratti, Kiyeza, İnsinye və İmmobile “11-liy”ini oyuna buraxacağını təxmin etmək olar. İngilislərin heyətində isə ehtiyat qapıçı Hendersondan başqa, zədəli bir futbolçu yoxdur. Qaret Soutqeytin isə ənənəvi 4-3-3 taktiki sxemi ilə Pikford, Volker, Stons, Maguire, Luka Şov, Flipps, Rays, Sanço, Mount, Sterlinq və Keynə start heyətində yer verəcəyi proqnozlaşdırılır.

Bombardirlik yarışı
AVRO-2020-də İngiltərə millisinin heyətində 4 dəfə rəqib qapsını sirkələyən hücumçu Harri Keyn finalda 1 qol vurduğu təqdirdə, hərəyə 5 qolla turnirə bombardirlik edən portuqaliyalı Kristiano Ronaldo və çexiyalı Patrik Şikin göstəricisinə şərik olacaq. Komandasının kapitanının vahid bombardir olması üçün finalda dubla ehtiyacı var. İngilis forvard bu günə kimi milli komandası ilə çıxdığı 27 oyunda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Stadion
Bugünki final matçının keçiriləcəyi Uembli Stadionu artıq üçüncü dəfədir ki, böyük turnirlərin finalına ev sahibliyi edir. Bundan əvvəlki finallarda İngiltərə və Almaniya milliləri burada kubok qaldıran komandalardır. İngiltərə 1966-cı ilin dünya çempionatının finalında əzəli rəqibi Almaniyanı məğlub edərək ilk və tək titulunu əldə edib. Almanlar isə 30 il sonra, 1996-cı ilin Avropa çempionatında "Uembli sindromunu" qıraraq köhnə qitənin ən güclüsü olublar. 102.856 nəfərlik tamaşaçı tutumuna malik Uembli stadionuna bugünki finalda koronavirus pandemiyası səbəbilə məhdud sayda, arenanın tamaşaçı tutumunun 50%-i qədərində azarkeş buraxılacaq.

Hakim
Bakı vaxtilə 23:00-da başlanacaq matçı Börn Kyupersin rəhbərlik etdiyi niderlandlı hakimlər briqadası idarə edəcək. Ona oyunda köməklik edəcək yan xətt hakimləri isə Sander van Rokel və Ervin Zeinstra olacaq. 48 yaşlı baş hakim Kyupers 2011-ci ildə UEFA Superkubokunun, 2013-cü ildə isə Avropa Liqasının finalını idarə edib. O, 2006-cı ildə FİFA lisenziyası alıb və 2009-cu ildə isə UEFA-nın elit-hakimlər siyahısına daxil edilib.

Həmidağa Məcidov