09:00 12-07-2021
news_image
216
FUTBOL

“Bu xəbəri eşitməyimə çox şadam” – Qurban Qurbanov

“Mən də, bütün futbolçularımız da azarkeşlərin avrokuboklara buraxılması qərarına çox sevinirlər”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov avrokuboklarda komandalarımızın ev oyunlarına tribunaların 50 faizinə tamaşaçı buraxılması qərarına münasibət bildirərkən deyib.

Klubun yutub kanalına açıqlama verən təcrübəli mütəxəssis buna sevindiyini söyləyib: “Bu qərarı eşidəndən sonra futbolçularda əhval-ruhiyyə həddən artıq yuxarıdır. İnanıram ki, yaxın gələcəkdə 50 yox, 100 faiz tribunalar dolar, hər şey qaydasında olar. Çünki hamımız onlar üçün darıxmışıq. Bakıdakı avrokubok oyununda futbolçular tam fərqli məsuliyyət hiss edəcəklər. Çünki son Avropa çempionatı göstərdi ki, azarkeşsiz futbol futbola bənzəmir. Oyunçuların istəyi, məsuliyyəti meydanda azarkeşlərə görə birə-beş artır. Bu xəbəri eşitməyimə çox şadam. Azarkeşlərin hər biri üçün darıxmışdıq. İnanıram ki, yenidən güclü kollektiv olacağıq, futbolumuz da azarkeşlərlə birlikdə daha yaxşı səviyyəyə qalxa bilər”.

Çalışdırıcı Rusiya “Arsenal”ı ilə keçirilən (0:1) yoxlama görüşünü də dəyərləndirib. O, bəzi məqamların üzərində hələ də çalışdıqlarını vurğulayıb: “Düşündüyümdən bir az fərqli oyun alındı. Çox istərdim ki, bütün futbolçular 90 dəqiqə meydanda olsun. Minimum ilk “11-liy”in başdan sona qədər iştirakını istəyirdim. Amma müəyyən səbəblərdən bəzi futbolçuları planlaşdırdığımızdan tez əvəzlədik. Düzdür, hər oyuna qələbə üçün çıxırıq, oyunçuları buna motivasiya edirik. Ancaq belə matçlarda futbolçuların hazırlığını da düşünürük, onların meydanda fikirləşmələrinə böyük önəm veririk. Bir neçə epizodu çıxmaq şərtilə oyunçularımdan razı qaldım. Hər şey planlaşdırdığımız kimi gedir. Son yoxlama görüşündə hazırlığımız daha yaxşı səviyyədə olmalıdır. Axırıncı matçda tam düşündüyümüz oyunu sərgiləməyə çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ” iyulun 15-də Almaniya “Auqsburq”u ilə yoxlama görüşündə üz-üzə gələcək.