10:29 12-07-2021
news_image
709
AVRO-2020

Sənan Qurbanovun “münəccimliy”i - Samir Abasovla Qurban Qurbanovun tapıntısı

AVRO-2020-nin finalında İngiltərəni penaltilər seriyası ilə məğlub edən İtaliya yığması tarixində ikinci dəfə Avropa çempionu olub.

Apasport.az saytının turnirdən öncə Azərbaycan Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri və kapitanları arasında apardığı sorğunun qalibi də müəyyənləşib.

Baş məşqçilərdən Sənan Qurbanov əsl “münəccimlik” edib. “Keşlə”nin çalışdırıcısı həm hər iki finalçını, həm də çempionu düzgün tapıb. “Neftçi”nin baş məşqçisi Samir Abasov və onun “Sabah”dakı həmkarı Ramin Quliyev İngiltərəni finalda görməkdə yanılmayıb. Abasovdan fərqli, Quliyev “Dumanlı Albion” təmsilçisinin həlledici görüşdə uduzacağını da doğru müəyyənləşdirib, ancaq qalibin adını səhv deyib. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov isə İtaliyanın finalda oynayacağını düzgün təxmin etsə də, çempionu tapa bilməyib.

Kapitanlar arasında da fərqlənən “Keşlə”li olub. Tərlan Quliyev digər finalçını müəyyənləşdirə bilməsə də, İtaliyanın çempionluğunu tapan yeganə kapitan olub. Maksim Medvedev (“Qarabağ”), Vurğun Hüseynov (“Sumqayıt”), Anar Nəzirov (“Qəbələ”) və Rahid Əmirquliyev (“Səbail”) İngiltərənin həlledici görüşə qədər irəliləyib, orada uduzacağını öncədən proqnozlaşdırmışdı. “Sabah”ın kapitanı Saşa Stamenkoviçlə “Neftçi”nin lideri Emin Mahmudov isə İtaliyanı finalda “uduzdurmaqla” yanılıb.

Bundan başqa, saytımıza açıqlamasında AVRO-2020 ilə bağlı proqnoz verən mütəxəssislərdən Elxan Abdullayev və Vaqif Cavadov da İtaliya millisinin çempionluğunu tapıb.

PROQNOZLAR
BAŞ MƏŞQÇİLƏR

Samir Abasov (“Neftçi”): İngiltərə - Belçika finalı. Çempion İngiltərə
Qurban Qurbanov (“Qarabağ”): Türkiyə - İtaliya finalı. Çempion Türkiyə
Ayxan Abbasov (“Sumqayıt"): Fransa – Almaniya finalı. Çempion Fransa
Rəşad Sadıqov (“Zirə”): Türkiyə - Fransa finalı. Çempion Türkiyə
Ramin Quliyev (“Sabah”): Almaniya - İngiltərə finalı. Çempion Almaniya
Sənan Qurbanov (“Keşlə”): İtaliya – İngiltərə finalı. Çempion İtaliya
Elmar Baxşıyev (“Qəbələ”): Almaniya - Portuqaliya finalı. Çempion Almaniya
Aftandil Hacıyev (“Səbail”): İspaniya – Fransa finalı. Çempion İspaniya

KAPİTANLAR:
Emin Mahmudov (“Neftçi): Fransa – İtaliya finalı. Çempion Fransa
Maksim Medvedev (“Qarabağ”): Fransa – İngiltərə finalı. Çempion Fransa
Vurğun Hüseynov (“Sumqayıt”): Fransa - İngiltərə finalı. Çempion Fransa
Ağabala Ramazanov (“Zirə”): Fransa – İspaniya finalı. Çempion Fransa
Saşa Stamenkoviç (“Sabah”): İspaniya – İtaliya finalı. Çempion İspaniya
Tərlan Quliyev (“Keşlə”): İtaliya – Fransa finalı. Çempion İtaliya
Anar Nəzirov (“Qəbələ”): Fransa – İngiltərə finalı. Çempion Fransa
Rahid Əmirquliyev (“Səbail”): Fransa – İngiltərə finalı. Çempion Fransa