10:52 12-07-2021
news_image
250
AVRO-2020

İtaliya&İngiltərə - tarixə düşən faktlar

AVRO-2020-nin İtaliya və İngiltərə arasında final oyunu bəzi statistik məqamlarla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, 1:1 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında (3:2) qələbə qazanan apenninlilərin çempionluğu maraqlı faktlarla müşayiət olunub.

İtaliya yığması tarixində 6-cı dəfə böyük turnirin qalibi olub: 4 dünya, 2 qitə. Bu, Avropa komandaları arasında ikinci göstəricidir. Yalnız Almaniya daha çox uğur qazanıb – 7 dəfə (4 dünya, 3 qitə). 

Tarixdə 2-ci dəfə Avropa çempionu penaltilərlə müəyyənləşib. 1976-cı ildə Çexoslovakiya AFR üzərində qələbə qazanıb.

“Uembli” 3-cü dəfə böyük turnirin finalına ev sahibliyi edib. Görüş heç vaxt əsas vaxtda bitməyib. DÇ-1966-da İngiltərə - AFR, AVRO-1996-da Almaniya – Çexiya görüşləri əlavə vaxtda bitibsə, bu dəfə penaltilər seriyası zərurəti yaranıb.

Meydan sahibinin finalda oynadığı ardıcıl 3-cü matçda çempionluğu qonaqlar qazanıb. 2004-cü ildə Portuqaliya Yunanıstana, 2016-cı ildə Fransa Portuqaliyaya uduzub.

15 pley-off oyunundan 8-də əlavə vaxt oynanılıb. Bu, böyük turnirlər üçün rekordun təkrarıdır. DÇ-1990 və DÇ-2014-də də eyni hal yaşanıb.

Corco Kyellini final oyununun ən yaşlı kapitanıdır – 36 yaş 331 gün. O, Canluici Buffonun (34 yaş 154 gün) 9 il əvvəlki nəticəsini arxada qoyub.

İtaliya 53 il fasilədən sonra Avropa çempionu olub. Bu, turnirin tarixində ən uzun fasiləli çempionluqdur.

Yarımfinalda İspaniya, finalda İngiltərəyə penaltilərlə qalib gələn İtaliya eyni böyük turnirdə 2 belə qələbəsi olan 3-cü komandadır. DÇ-1990-da Argentina, DÇ-2018-də Xorvatiya bunu bacarıb.

İngiltərə yığmasının 4 futbolçusu – Kayl Uoker, Con Stounz, Rahim Sterlinq, Fil Foden eyni ildə həm Çempionlar Liqası, həm Avropa çempionatının finalında uduzub. Mixael Ballak 2008-ci, Antuan Qrizmann 2016-cı ildə eyni uğursuzluğa üzülüb.

Jorjinyo və Emerson 2021-ci ildə həm Çempionlar Liqasının, həm Avropa çempionatının qalibi olub.

Leonardo Bonuççi finalda qol vuran ən yaşlı oyunçudur – 34 yaş 71 gün. O, almaniyalı Bernd Heltsenbeynin (30 yaş 103 gün) rekordunu keçib.

Qaret Sautqeyt Avropa çempionatlarında penaltilər seriyasında həm futbolçu, həm məşqçi kimi uduzan ikinci şəxsdir. O, AVRO-1996-da Almaniya ilə yarımfinal matçında həlledici penaltini qaçırıb.

Digər belə uğursuz Frank Raykarddır. Niderlandlı 1992-ci ildə yarımfinalda Danimarkaya, 2000-ci ildə eyni mərhələdə baş məşqçi kimi İtaliyaya uduzub. Sautqeytdən fərqli Raykaard futbolçu kimi öz penalti zərbəsini dəqiq yerinə yetirib.