22:22 12-07-2021
news_image
249
FUTBOL

16 illik sindrom, bütün titulları kölgədə qoyan uğur – Messidən

Braziliyada keçirilən Amerika kubokunun finalında meydan sahibləri üzərində 1:0 hesablı qələbə qazanan Argentina millisi 28 illik çempionluq həsrətinə son qoyub.

Apasport.az saytının məlumatına görə, bu titulu bütün Argentina millidən çox kapitan Lionel Messi üçün arzulayırdı.

Çünki futbol tarixinin ən yaxşılarından biri sayılan superulduz əsas yığma ilə heç vaxt kubok qazanmamışdı. Leo U-20 ilə qazandığı dünya çempionluğunu (2005-ci il) və 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarındakı qızıl medalı saymasaq, 2005-ci ildən formasını geyindiyi əsas millidə ilk kubokunu başı üzərinə qaldırıb. Dəfələrlə “bütün “Qızıl top” mükafatlarımı yığmadakı bir uğura qurban verərəm”, deyən 34 yaşlı “tanqoçu” xəyalını gerçəkləşdirmək üçün düz 16 il gözləməli olub.

Messi Argentina ilə əslində 5 titul qazana bilərdi. Ancaq buna qədərki 4 cəhdində komanda finalda büdrəyib. 2007, 2015 və 2016-cı illərdə Amerika kubokunun həlledici matçında yenilən “tanqoçular”ın 2014-cü ildəki dünya çempionatının finalında da önlərini Almaniya kəsib.

Ümumilikdə isə bu, Messinin karyerasında 38-ci titul olub. O, bunun 35-ni “Barselona” ilə əldə edib. Futbolçu 10 dəfə La Liqanı, 8 dəfə İspaniya Superkubokunu, 7 dəfə İspaniya Kral Kubokunu, 4 dəfə Çempionlar Liqasını, 3 dəfə Klublararası Dünya Çempionatını, 3 dəfə isə UEFA Superkubokunu qazanıb.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, Leo uzun illərdir əzəli rəqibi sayılan Kriştiano Ronaldo ilə eyni gündə qitə çempionluğunu əldə edib. Çünki Ronaldo 5 il əvvəl, 2016-cı ilin 10 iyul tarixində ilk və hələlik yeganə Avropa çempionluğuna qovuşub.

Argentina millisinin kapitanı çempionluqla bağlı təəssüratlarını da bölüşüb. O, uzun müddət səbir etdiyini və bunun mükafatını aldığını bildirib: “İllər keçdikcə bu kuboku qazanmağa yaxın idik. Tilsimi qırmalı idim. Bunun bir gün baş verəcəyini bilirdim. Amerika kubokunu Braziliyada, məhz Braziliya millisinə qarşı qazandıq. Dəlicəsinə sevincliyəm və bu, hər şeyi əhatə edir. Çünki əvvəlki uğursuzluqlara və məyusluqlara çox dözməli olmuşam. Bundan yaxşı bir an düşünə bilməzdim. Komandamız qələbəyə layiq idi. Bu, heyrətamizdir, biz xoşbəxtik. Bu zəfəri həyat yoldaşıma, övladlarıma, məndən də çox əziyyət çəkən valideynlərimə həsr edirəm. Dəfələrlə məyus hisslərlə tətilə getmişəm. Bu dəfə rahat dincələcəyəm”.

Qeyd edək ki, Amerika kubokunu 4 qol, 5 məhsuldar ötürmə ilə tamamlayan Lionel Messi turnirin bombardiri olmaqla yanaşı, həm də ən yaxşı pleymeykeri və futbolçusu seçilib.