17:11 12-07-2021
news_image
926
FUTBOL

“O, top-məşqçilər sırasına düşməyə layiqdir” - Sənan Qurbanov

“İtaliya bu turnirdəki aqressiv oyununu hələ seçmə mərhələdə çempionluğa favorit olacağını göstərirdi”. 

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov İtaliya millisinin AVRO-2020-nin çempion olmasına münasibət bildirərkən deyib.

Turnirdən əvvəl Premyer Liqa klublarının baş məşqçiləri və kapitanları ilə apardığımız sorğuda İtaliya – İngiltərə finalını proqnozlaşdıran və İtaliyanı çempion qismində görən yeganə şəxs olan Qurbanov bu seçimini belə əsaslandırıb: “İtalyanlar bir növ inqilab elədilər, müdafiə futbolu oynamadılar. Roberto Mançini oyunçularına total, dominant futbol aşılaya bilmişdi. Üstəlik, İtaliyanın 53 illik çempionluq həsrəti var idi. Hələ himnləri oxunanda rəqiblərin canına qorxu salırdılar. Himni oxumalarına baxanda deyirsən ki, bunlar canavardır, çıxıb meydanda döyüşəcəklər. İngiltərədə isə Qaret Sautqeyt 3-lü mərkəz müdafiəçisi sistemini yaxşı alındırdı. Həm də onlar əksər oyunu öz meydanlarında keçirdilər və bundan da yararlanaraq finala qədər irəlilədilər”.

Gənc çalışdırıcı “Skuadra Adzurra”ya simpatiya bəslədiyini də gizlətməyib: “Hamı kimi, mən də Türkiyə yığmasına azarkeşlik edirdim. Amma qardaş ölkənin komandası bizi məyus etdi. Amma etiraf edim ki, İtaliyaya da simpatiyam var. Heyətlərinə baxanda səndə sual yaranır ki, bu komandada ulduz futbolçu kimdir? Bir Federiko Kyezadır, o da “Yuventus”a keçəndən sonra parlamağa başladı. Avropa çempionatı onun üçün yeni qapı oldu. İtaliyalı azarkeşlər heyətləri təhlil etsəydilər, bəlkə də, millidən gözləntiləri az olardı. İngiltərə, Fransa, Belçika, hətta nəsil dəyişikliyinə gedən İspaniyanın heyəti daha əzəmətli görünürdü. Ancaq komanda oyunu İtaliyanı çempionluğa daşıdı”.

Qurbanov penaltilər seriyası zamanı ingilislərin baş məşqçisi Qaret Sautqeytin tənqid obyektinə çevrilən seçiminə də toxunub: “Sautqeyt yığmasını finala qədər apara bilibsə, deməli, top-məşqçilər sırasına düşməyə layiqdir. Lakin erkən qol vurduqdan sonra müdafiə oturmalarını düzgün addım saymıram. Bilmirəm, bu, baş məşqçinin tapşırığı idi, yoxsa İtaliya onları pressinqlə geri çəkilməyə məcbur etdi? Penaltilər seriyası isə lotereyadan çox, psixoloji mübarizədir, emosiyaların böyük önəm kəsb etdiyi anlardır. Baş məşqçi sona 30 saniyə qalmış Markus Reşfordu meydana buraxdı. Bu da məlum idi ki, penaltiyə görə atılmış addım idi. Reşfordu onbirmetrlik zərbəni uğurla yerinə yetirən oyunçu kimi tanımışıq. Bəlkə də, gənclər məşqlərdə penalti zərbələrini ustalıqla yerinə yetirirdilər, baş məşqçi buna görə onlara üstünlük verdi. Bizim bilmədiyimiz məqamlar çoxdur”.

Qeyd edək ki, “Uembli” stadionunda keçirilən və 1:1 hesabı ilə nəticələnən final görüşündə İtaliya penaltilər seriyasını daha dəqiq yerinə yetirərək Avropa çempionu olub.