10:48 13-07-2021
news_image
181
FUTBOL

492 günlük həsrət bitir – azarkeşlərimiz üçün

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Neftçi” – “Dinamo” (Tbilisi, Gürcüstan) oyunu Azərbaycan azarkeşlərinin stadionlara qayıdışı ilə əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, “Bakcell Arena”da keçiriləcək sabahkı qarşılaşma ilə yerli tamaşaçıların tribuna həsrəti başa çatacaq.

Koronavirus pandemiyası üzündən Azərbaycan komandalarının ev oyunlarında 492 gün seyrçi olmayıb. Yarımçıq başa çatdırılan 2019/20 mövsümünün oynanılan sonuncu – XX turundan sonra matçlar boş tribunlar önündə keçirilib.

Tamaşaçıların olduğu son matçlar da 493 gün əvvəl, 492 günlük fasilədən öncə - 2020-ci il martın 8-də baş tutub. Son belə qarşılaşma “Keşlə” – “Qarabağ” qarşılaşması (0:2) olub.

Düzdür, bundan sonra AVRO-2020-nin Bakıdakı 4 oyununda, həmçinin komandalarımızın xaricdəki görüşlərinə seyrçi buraxılıb. Amma Azərbaycan komandalarının bütün ev görüşləri tamaşaçısız keçirilib.

“Neftçi” – “Dinamo” matçında 492 günlük həsrət bitəcəksə, “ağ-qaralar”ın fanatları üçün bu, bir gün də uzun sürüb. Bakılılar son dəfə 2020-ci il martın 7-də azarkeşləri önündə oynayıb və “Sabah”ı üstələyib – 4:0.

Ölkənin ikinci titullu komandası “Qarabağ” son tamaşaçılı matçın iştirakçısı olsa da, azarkeşlərini bir az da gözlədəcək. Ağdamlı futbolsevərlər yalnız iyulun 21-də “Aşdod”la (İsrail) matç zamanı tribunada olacaq. Son dəfə Bakıdakı səfər oyununu izləmələrinə baxmayaraq, onlar 500 gündən, yəni 499 günlük fasilədən sonra stadionda olacaq.