09:00 14-07-2021
news_image
463
FUTBOL

“Dünya futbolunda artıq bizi də sayırlar” - Tərlan Əhmədov

“Avropa çempionatının startından 1-2 gün əvvəl futbol ictimaiyyətindəki dostlarla bir yerdə oturub proqnoz verirdik. Mən ilk gündən İtaliya yığmasının çempion olacağını demişdim”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq kapitanı Tərlan Əhmədov AVRO-2020 ilə bağlı fikir bildirərkən deyib.

50 yaşlı mütəxəssis finalda İngiltərəni penaltilər seriyası ilə məğlub edərək Avropa çempionu olan İtaliya millisinin ünvanına tərif yağdırıb. O, “Skuadra Adzurra”nın uğurunu baş məşqçi Roberto Mançini ilə əlaqələndirib: “Mançininin oyun fəlsəfəsi, onun gəlişindən sonra italyanların aqressiv çıxış etməsi, eyni tempdə oynaması çempionluğa işarə idi. Baş məşqçi yeni nəsildən qurulmuş kollektiv formalaşdırmışdı və onlar seçmə mərhələdə də, final mərhələsində də oyunları eyni tempdə keçirdilər. Lazım gələndə hətta rəqibə oynamaq imkanı da verirdilər. Amma öz oyunlarını diktə edirdilər və rəqiblər də buna uyğun futbol sərgiləməli olurdu. İtalyanların oyun sistemini heç kim sındıra bilmirdi”.

Əhmədovun fikrincə, “Skuadra Adzurra” “Uembli” stadionunda keçirilən həlledici qarşılaşmaya yaxşı başlamasa da, çempionluğa layiq çıxış edib: “Final matçında italyanlar ilk 20-25 dəqiqədə üstünlüyü ingilislərə vermişdilər. İngiltərə yığması da erkən qol vurdu, daha aqressiv nəzərə çarpdı. İtaliyada sanki bir növ arxayınlıq var idi. Amma dəqiqələr keçdikcə gedişatı dəyişdilər, nəzarəti tam ələ keçirdilər. Penalti seriyalarında da Mançininin yetirmələri daha soyuqqanlı görünürdü. İtaliyanın çempionluğunda Canluici Donnarumma amilini xüsusi qeyd etmək istərdim. Deyərdim ki, qapıçı bu qələbədə 70 faiz rol oynadı. Çoxları İtaliya futbolunun zəif olduğunu düşünürdü. Amma bir daha sübut olundu ki, A seriyası ən güclü liqalardan biridir”.

“Neftçi” və “Keşlə”nin sabiq baş məşqçisi AVRO-2020-nin 4 oyununun Bakıda keçirilməsinə də münasibət bildirib. O, bunun ölkəmiz üçün böyük uğur olduğunu vurğulayıb: “Turnirin 4 matçının Bakıda keçirilməsi bizim üçün böyük sevinc, dövlətimiz, xalqımız üçün ciddi uğur idi. 60 ildir Avropa çempionatı matçlarını televiziyadan izləyirdik. Bu görüşlərin Azərbaycanda təşkili, bəlkə də, hamımızın xəyalında olub. Dövlət başçımızın daxili və xarici siyasətinin uğurlu nəticəsidir ki, Avropada bizə də dəyər verdilər. İnsanlarımız sevinərək həmin oyunlara getdilər. Azərbaycana gələn yığmaların azarkeşləri gözəl təəssüratlarla buranı tərk etdilər. Dünya futbolunda artıq bizi də sayırlar, hörmətlə yanaşırlar. AFFA-ya da təşəkkür düşür ki, təşkilati məsələlərdə yüksək səviyyəli iş ortaya qoydu. UEFA artıq buna görə təşəkkür edib. Bu, xalqımızın, Vətənimizin uğurudur”.

Qeyd edək ki, AVRO-2020-də A qrupunun Uels - İsveçrə (1:1), Türkiyə - Uels (0:2) və İsveçrə - Türkiyə (3:1) oyunları, həmçinin 1/4 final mərhələsinin Çexiya - Danimarka (1:2) görüşü Bakı Olimpiya Stadionunda keçirilib.