19:44 13-07-2021
news_image
343
FUTBOL

"Sabahkı oyundan həzz alacaqsınız" - Kaxaber Sxadadze

“Çoxdandır Bakıda deyildim. Azərbaycanda uzun illər çalışmışam. Bakı mənim üçün ən önəmli şəhərlərdən biridir".

Apasport.az saytının məlumatına görə, bunu Tbilisi “Dinamo”sunun baş məşqçisi Kaxaber Sxadadze Çempionlar Liqasının I təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab matçı barədə danışarkən deyib.

Gürcüstanlı mütəxəssis öz meydanlarındakı 1:2 hesablı məğlubiyyətə baxmayaraq, sabahkı qarşılaşmada komandasına güvənir. Sxadadze mətbuat konfransında bu fikirləri səsləndirib: “İlk oyun çox maraqlı və çətin keçdi. Sabahkı görüş də fərqlənməyəcək. Maraqlı mübarizə olacaq, hər biriniz həzz alacaqsınız. Əminliklə deyə bilərəm ki, sabahkı görüş qat-qat çətin olacaq. Çünki hər iki komanda rəqibin zəif cəhətlərini gördü. Bu da matçı daha da çətinləşdirəcək".

- Uzun fasilədən sonra Bakıda oldunuz. Bakıda sizin diqqətinizi çəkən nə oldu?

- Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. 6 ildə dəyişən odur ki, Bakını daha geniş və gözəl gördüm.

- Həm hesab, həm də təcrübə "Neftçi"nin xeyrinədir. "Dinamo"nun üstünlüyü nədədir?

- Deyə bilmərəm ki, "Neftçi" bizdən güclüdür. Oyunda 8 zərbə oldu. İki böyük səhvə yol verdik ki, bu da məğlubiyyətimizə səbəb oldu. Əminliklə deyə bilərəm ki, sabah bu səhvlər olmayacaq. "Neftçi"nin də zəif cəhətlərindən istifadə etməyə çalışacağıq.

- UEFA bu mövsümdən səfər qolu üstünlüyünü ləğv edib. Bu amil sizin xeyrinizə, yoxsa ziyanınıza ola bilər?

- Biz bunu problem hesab etmirik. Sabah qələbə qazanmağa ümidimiz var. 

- Qeyd etdiniz ki, ilk görüşdə fərdi səhvlərdən qollar buraxdınız, cavab matçında bu təkrarlanmayacaq. Tbilisidəki oyunda bunun qarşısını almadığınız halda sabah bunu necə bacaracaqsınız?

- Demirik ki, "Neftçi" zəifdir. Çox güclü oyunçulara malik komandadır. Amma bizim məğlubiyyətimiz "Neftçi"nin güclü oyununun yox, müdafiədə buraxdığımız kobud səhvlərin nəticəsi idi. Bunu sabah təkrarlamamağa çalışacağıq.

- "Bakcell Arena" xatirinizdə necə qalıb?

- Bu stadiona çox tamaşaçı yerləşməsə də, futbol üçün ən komfortlu stadionlardan biridir. Bura sırf futbol üçün nəzərdə tutulub. Çox böyük arenalarda olmuşam. Amma bura kimi sırf futbol üçün nəzərdə tutulan stadion nadir hallarda görmüşəm. Stadionun ətrafı Azərbaycan əhalisinin yaşadığı yerdir. Bu baxımdan azərbaycanlı futbolçular da özlərini evlərində hiss edə bilirlər.

- Dediniz ki, "Neftçi"nin zəif nöqtələrini bilirsiniz. Bunu öncədən bilirdiniz, yoxsa Gürcüstandakı qarşılaşmadan sonra aşkar etdiniz?

- Təbii ki, hər iki komanda rəqibin səhvlərini gördü və sabah da bundan istifadə etməyə çalışacaq.