17:00 13-07-2021
news_image
222
FUTBOL

Səsyazmasına aydınlıq gətirdi - Peres

“Real”ın prezidenti Florentino Peres bu gün İspaniya mətbuatında yayılan və şok effekti verən səsyazmasına aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, madridlilərin rəhbəri klubun rəsmi saytına açıqlamasında sabiq futbolçular İker Kasilyas və Raul Qonzales haqda səsləndirdiyi fikirlərin mətbuatda işıqlandırılmasını təxribat adlandırıb.

Peresin fikrincə, bu, Avropa Super Liqasının varlığını istəməyən qüvvələrin işidir: “Bu, illərdir müvəffəqiyyətsiz səsyazmalarını satmağa çalışan Xose Antonio Abelyan tərəfindən gizli yazılan danışıqların bir hissəsi idi. Bu qədər zaman keçdikdən sonra “El Confidencial” tərəfindən nəşr olunması təəccüblüdür. Bunlar söhbətin bir hissəsi olan və daha geniş kontekstdən çıxarılan təcrid olunmuş sitatlardır. Başa düşürəm ki, bunun illər keçdikdən sonra indi çap olunması mənim Avropa Super Liqasının arxasında duran qüvvələrdən biri olmağımdan qaynaqlanır. Məsələni vəkillərimə həvalə etdim”.

Qeyd edək ki, Peres illər əvvəl köçürülən səsyazmasında “Real”ın əfsanəvi qapıçısı İker Kasilyas və hücumçusu Raul Qonzalesin klub tarixinin ən böyük fırıldaqçıları olduğunu söyləyib.