11:19 14-07-2021
news_image
436
TOKİO-2020

Azərbaycanın Tokioda qazanacağı medalların sayı və növlər – ekspertlər dəyərləndirdi

Tokio-2020 Yay Olimpiya Oyunlarının startına 9 gün qalıb.

Apasport.az saytının məlumatına görə, Yaponiya paytaxtında 339 dəst medal sahibini tapacaq.

Yarış ərəfəsində mütəxəssislər, ekspertlər, müxtəlif idman adamları müəyyən proqnozlar verir. Ayrı-ayrı idmançıların və yığmaların nəticələri barədə ehtimallar irəli sürülür. Artıq Olimpiya Oyunlarının ehtimal edilən medal cədvəli də açıqlanıb. Burada hansı ölkənin hansı əyarlı medaldan neçə ədəd qazanacağı proqnozlaşdırılıb.

8 medal
Ekspertlər Azərbaycan yığmasından 8 medal gözləyir. Proqnozlara əsasən, idmançılarımız Tokioda 3 dəfə Azərbaycan himnini səsləndirəcək. 2 gümüş medal qazanacaq olimpiyaçılarımızın 3 bürünc mükafat əldə edəcəyi proqnozlaşdırılır.

Dünyada 29-cu
Ehtimallar Azərbaycanı dünyada 29-cu kimi görür. Olimpiya yığmamız İran, Yunanıstan, Kubadan öndə qərarlaşacaq. Yamayka, Qazaxıstan, Bolqarıstan, Belarus və Gürcüstan kimi ölkələr də daha aşağı sıralara bağlıdır.

Dəyişməz lider
Ehtimallar cədvəlinə gözlənildiyi kimi, ABŞ başçılıq edir. Şimali amerikalılardan 121 medal (48 qızıl, 34 gümüş və 39 bürünc) gözlənilir. Çin ikinci yerə namizəddir – 78 medal (31 qızıl, 23 gümüş, 24 bürünc). İlk “üçlüy”ü meydan sahibləri qapayacaqlar. Yaponiyalıların 70 mükafat (25 qızıl, 23 gümüş və 22 bürünc) qazanması proqnoz edilir. Qardaş Türkiyədən 16 medal gözlənilir. 4 qızıl, 2 gümüş və 10 bürünc qazanması ehtimal olunan qonşularımız 21-ci olmalıdır. Ümumilikdə 86 ölkədən medal gözlənilir.

Ümid kimədir?
Azərbaycan yığmasına medal gətirəcək növlər də bəllidir. 8 mükafat 5 növ üzrə komandanın aktivinə yazılacaq. Ən uğurlu yığma karate millimiz olacaq: 1 qızıl və 1 gümüş. Ənənəvi güclü olan güləşçilərimizdən 1 qızıl və 1 bürünc gözlənilir. Bu iki idman növü kimi boksa da ümidlər böyükdür. Dəri əlcək sahiblərindən iki medal – hər ikisi bürünc gözləmək olar. Digər iki medal taekvondo və cüdonun payına düşəcək. Taekvondoda qızıla, cüdoda gümüşə ümidlər böyükdür.

Koronavirusun "yediyi" medallar
Müqayisə üçün qeyd edək ki, koronavirus pandemiyası üzündən təxirə salınan Tokio-2020 ötən il keçirilsəydi, daha çox medal şansımız olacaqdı. Bir il əvvəlki ehtimallarda Azərbaycana 3 qızıl, 4 gümüş və 3 bürünc proqnozlaşdırılırdı. Pandemiyanın yediyi 2 gümüş növlər üzrə bölgüyə də təsir edib. Həmin vaxt karatedən 3 (qızıl, gümüş, bürünc), taekvondo (qızıl, gümüş), güləş (qızıl, bürünc) və cüdodan (gümüş, bürünc) 2, boksdan 1 (gümüş) medal gözlənilirdi.

Qeyd edək ki, Tokio-2020 iyulun 23-dən avqustun 8-dək keçiriləcək.