17:35 14-07-2021
news_image
2096
FUTBOL

“Qapalı həyatla insanlara olan sevgini itiririk” – Tərlan Əhmədov

“Çempionatımızın oyunlarına azarkeşlər, onsuz da, çox gəlmirdilər. Amma tamamilə boş tribuna önündə oynamaq futbolçunu həvəsdən salır”.

Bunu apasport.az saytına açıqlamasında veteran futbolçu Tərlan Əhmədov deyib.

Klublarımızın avrokuboklarda ev oyunlarına azarkeşlərin buraxılması ilə bağlı qərarı alqışlayan təcrübəli mütəxəssis bunun Premyer Liqaya da şamil ediləcəyinə inanır: “Neftçi”nin, “Qarabağ”ın, “Qəbələ”nin öz fanat qrupu var. Ən azı 300-500 nəfər gəlir, komandalarını dəstəkləyir. İnsanlar artıq həyata köklənməli, sevimli klublarına tribunadan azarkeşlik etməlidirlər. Avrokubok oyunlarında stadion tutumunun 50 faizinə qədər tamaşaçının tribunalara buraxılmasına artıq icazə verilib. Azarkeşlərimizə bu sevinci bəxş edən şəxslərə təşəkkürümüzü bildiririk”.

Tərlan Əhmədov koronavirusdan qorunmağın əslində çox çətin olmadığını sözlərinə əlavə edib: “Koronavirus pandemiyası ilə bütün dünya mübarizə aparır. Şəxsən mən apreldə ikinci vaksini vurdurmuşam. Məncə, hamı peyvənd olunmalıdır. Həyat özü mübarizədir. Pandemiya deyib, qapanıb evdə oturmaqla heç nə əldə etmərik. Virusdan qorunmaq üçün hər kəsin bildiyi sadə şərtlər var ki, bunlara əməl etmək lazımdır. Pandemiya var deyə evdə oturmaq olmaz, sevimli məşğuliyyətimizdən qalmamalıyıq. Qapalı həyatla insanlara olan sevgini itiririk. Keçmişdə olan ünsiyyəti, dostluğu, sevgini, xoş rəftarı geri qaytarmalıyıq. Pandemiyadan qorxmayaq”.

Qeyd edək ki, Tərlan Əhmədov AZAL, “Neftçi” və “Keşlə”də baş məşqçi kimi fəaliyyət göstərib.