11:27 15-07-2021
news_image
189
FUTBOL

“Səbirsizliklə yığmaya dəvəti gözləyəcəyəm” - Filip Ozobiç

"Məşqlərimiz çox yaxşı keçir. Düşünürəm ki, komandamızda hamı bu fikirlə razılaşar”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Filip Ozobiç deyib. 

Ağdam təmsilçisinin xorvatiyalı futbolçusu klubunun saytına açıqlamasında Avstriya toplanışını dəyərləndirib: “Keçirdiyimiz yoldaşlıq oyunlarının da bizə çox xeyri dəyəcək. Tam hazır olmaq üçün qısa zamana ehtiyacımız var. Yeni oyunçularımız var və yəqin ki, yenə olacaq. Biz də onlara əlimizdən gələn köməyi etməliyik ki, komandaya, oyun üslubumuza tez uyğunlaşsınlar. Konfrans Liqasında qarşılaşacağımız "Aşdod" yaxşı komandadır. Bizi çətin oyun gözləyir. Əminəm ki, matça qədər tam hazır olacağıq".

O, milliləşdirilməsinə də münasibət bildirib. Ozobiçin sözlərinə görə, FIFA onun Azərbaycan yığmasında çıxış etməsinə icazə verdiyini dünən eşidib: “Mən də bu anı gözləyirdim. Uzun müddətdir ki, Azərbaycandayam. Bu ölkə mənə çox doğmadır. Səbirsizliklə millinin oyunlarını və yığmaya dəvəti gözləyəcəyəm. Yığmanın baş məşqçisi mənə dəvət göndərərsə, komandanın uğurları üçün hər zaman əlimdən gələni etməyə hazıram. Mənim üçün doğmalaşmış ölkənin millisi üçün əlimdən gələni əsirgəməyəcəm".