14:44 17-07-2021
news_image
216
TOKİO-2020

“İdmançılarımız Tokioya təmiz yollanıblar” – AMADA-nın direktoru

Bu gün AMADA Milli Mətbuat Günü münasibətilə idman jurnalistləri ilə görüş keçirib.

Apasport.az saytının məlumatına görə, tədbiri açıq elan edən qurumun direktoru Şəfəq Hüseynli mətbuat işçilərini təbrik edib. 

Milli Mətbuatın yaranma tarixindən söz açan AMADA-nın rəhbəri 44 günlük Vətən Müharibəsindən də danışıb. O xatırladıb ki, qələbəmizlə başa çatan döyüşlərdə KİV nümayəndələri də şücaət göstəriblər.

Hüseynli Tokio Yay Olimpiya Oyunlarına yollanan milli komandamızın hazırki durumuna da aydınlıq gətirib. O, lisenziya qazanan idmançılarımızda hansısa problem olacağına inanmadığını deyib: “Bu il dopinq nəzarəti və hazırlıq baxımından fərqli oldu. WADA ilə birlikdə lisenziyaçılarımızla tez-tez test keçirdik. Əvvəlki Olimpiada ilə müqayisədə deyə bilərik ki, idmançılarımız bu gün Tokioya təmiz yollanıblar. Bu işdə federasiyalar bizə lazımi dəstəyi göstərdilər".

AMADA-nın direktoru ağırlıqqaldıran Boyanka Kostovanın dopinq-testdən keçə bilməyərək Olimpiadadan kənarda qalmasına da münasibət bildirib. Onun sözlərinə görə, milliləşmiş legioner Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının izlənilən idmançılar siyahısında olub: “Kostovanın testi ilk yoxlanışdaca müsbət nəticə verib. Ondan dopinq test götürmək ixtiyarı daha çox İWF-də olub”.

Hüseynli beynəlxalq qurumlardan antidopinq məsələlərində Azərbaycana qarşı qərəzli mövqe görmədiklərini qeyd edib: “Bəzi idmançılarımızın dopinqdə ilişmələrində siyasi məsələlərin olduğunu deyə bilmərəm. Əksinə, bizə hər cür dəstək göstərilir. Nə vaxtsa problem yaratmaq istədiklərini görməmişik. Son bir neçə ildə bütün federasiyalarla yaxşı münasibətlərimiz qurulub”.

Tədbirin sonunda jurnalistlər arasında əyləncəli-intelektual viktorina keçirilib.