17:36 17-07-2021
news_image
864
FUTBOL

“Mahir “Top-klub”da oynamaq xoşbəxtliyi yaşayacaq” – millimizin sabiq kapitanı

“Mahir hələ “Bakı”da çıxış edəndə onun hücumda necə keyfiyyətə malik olduğunu hamımız görürdük”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin sabiq kapitanı Tərlan Əhmədov yığmamızın hücumçusu Mahir Emrelinin “Legiya”ya transferi barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis “Qarabağ”ı Polşa klubuna dəyişən Emrelinin  bu addımını alqışlayıb: “Mahir irəlidə sərbəst oynayır, həyəcan keçirmir. “Qarabağ”da uzun illər çıxış edib, Çempionlar Liqasının, Avropa Liqasının qrupunda mübarizə aparıb. Onun üçün legioner həyatı yaşamağın vaxtı idi. Çünki böyük potensialı var. Düzdür, son illər “Qarabağ”dakı çıxışına görə bir qədər çox tənqid olundu. Ancaq heç bir futbolçu daim eyni tempdə çıxış edə bilməz. Mahir isə artıq püxtələşmişdi, Avropaya çıxmalı idi. “Qarabağ”ın heyətində vurduğu qollarla bunu sübuta yetirib. Onun legioner həyatı yaşamasının sevincini həm özü, həm də biz yaşayırıq. “Legiya”ya getdiyi ilk gündən qolları ilə bizi sevindirdi. Emreli bundan da yaxşısına layiqdir. Məncə, bu gediş onun üçün daha uğurlu olacaq. Mahir azərbaycanlı balasıdır, bizim fəxrimizdir. Hara, nə üçün getdiyini özü də başa düşür. Onu Azərbaycanda da, Polşada da sevənlər var”.

Əhmədovun fikrincə, 24 yaşlı forvardın transferi digər azərbaycanlı futbolçulara da şans yaradacaq: “İstənilən futbolçunun legioner həyatı yaşamaq ürəyindən gəlməlidir. Mahirin gedişi çox futbolçumuza yol aça bilər. Onun orada uğurlu çıxışı Polşa klublarının Azərbaycan bazarına diqqətini oyada bilər. Həmçinin Mahirin parlaq oyunu sayəsində yaxın ölkələrdə ölkəmizə maraq artacaq. Xarici klubların, menecerlərin burada futbolçu axtarmalarına zəmin yaranacaq. Ümumiyyətlə, arzusu olan yaxşı futbolçu istədiyi vaxt Avropaya yollana bilər. Mahirin uğurlu çıxışı da buna təkan olacaq”.

“Terek”, “Anji”, “Fakel”, “İstiqlal” və “Volın”da legioner həyatı yaşamış Tərlan Əhmədov hesab edir ki, Mahir Emreli gələcəkdə böyük klublarda oynamaq iqtidarındadır: “Polşa çempionatı Avropanın böyük klublarına çıxmaq üçün yaxşı tramplindir. Bəlkə də, bir neçə ildən sonra Mahir “Top-klub”da oynamaq xoşbəxtliyi yaşayacaq”.

Qeyd edək ki, Mahir Emreli bu yay “Legiya” ilə 3+1 illik müqavilə imzalayıb.