10:55 19-07-2021
news_image
151
FUTBOL

“Sumqayıt”la “siftə” – 5-ci debüt

“Sumqayıt” Konfrans Liqasında çıxış edəcək ilk Azərbaycan klubu kimi tarixə düşəcək.

Apasport.az saytının məlumatına görə, ilk dəfə keçiriləcək turnirdə üç təmsilçimiz meydana çıxacaq.

Lakin “Qarabağ”la “Keşlə” iyulun 22-də, “Sumqayıt” isə bir gün öncə qüvvəsini sınayacaq. Ayın 21-də “Çukariçki” ilə görüşəcək Ayxan Abbasovun yetirmələri bununla da ölkəmizin turnirdəki ilk klubu olacaq.

Konfrans Liqası Azərbaycan komandalarının yarışdığı 5-ci avrokubok yarışı olacaq. Bunadək Çempionlar Liqası, əvvəllər UEFA kuboku adlanan Avropa Liqasında oynamış təmsilçilərimiz artıq tarixin yaddaşına köçən Kuboklar Kuboku ilə İntertoto kubokunda da mübarizə aparıb.

Bunlardan ikisində - Çempionlar Liqası və Kuboklar kubokundakı debütün müəllifi “Neftçi” olub. UEFA kubokunda “Turan”, İntertoto kubokunda isə “Bakı fəhləsi” ilə mübarizəyə başlamışıq.

Çempionlar Liqası – “Neftçi” (1997/98)
Kuboklar kuboku – “Neftçi” (1995/96)
Avropa Liqası (UEFA kuboku) – “Turan” (1994/95)
İntertoto kuboku – “Bakı fəhləsi” (1998/99)
Konfrans Liqası – “Sumqayıt” (2021/22)