01:24 22-07-2021
news_image
1201
FUTBOL

"Onları yerlərinə otuzdurdum" - Samir Abasov

“Qarşıda hələ ikinci oyunumuz var. Yaxşı hazırlaşıb, Bakıdakı görüşə tam motivasiya ilə çıxacağıq".

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının II təsnifat mərhələsində “Olimpiakos”la keçirilən ilk oyundan sonra deyib.

Pireydə baş tutan və hər iki komandanın 10 nəfərlə tamamladığı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçdan sonra təşkil edilən mətbuat konfransında Abasov fikrini bu sözlərlə davam etdirib: “Azarkeşlərdən xahişim var. Biz bu oyuna necə hazırlaşacağıqsa, sizin dəstəyinizə ehtiyacımız var. Siz bizə çox kömək ola bilərsiniz. Matçdan əvvəl də ümidimizi itirməmişdik. Rəqibi keçmək ümidi ilə cavab qarşılaşmasını səbirsizliklə gözləyirəm. Bugünkü oyundan sonra inam daha da artdı. Komandamız istədiyimiz işin öhdəsindən layiqincə gəldi. Bir oyun yetərli deyil. Futbolçularımız həddən artıq gərgin təzyiqin altından çıxdılar. Futbolçular rəqibin adından çəkinə bilərdi. Amma belə olmadı. Hərtərəfli yaxşı hazırlaşmışdıq. Məncə, pis alınmadı".

- Namiq Ələsgərovun durumu nə yerdədir?

- Çox üzücü xəbərdir. Burun, almacıq və kəllə beyin zədəsi aldı. Sümüyündə sınıq var. Bəlkə də, cavab görüşünü Namiqə görə daha motivasiyalı oynayacağıq. Burun zədəsini bəlkə qısa müddətdə yoluna qoymaq olar. Amma kəllə sümüyündən zədə ciddi problemdir.

- Hədsiz emosional görünürdünüz, azarkeşlərlə mübahisə oldu. Düşünmürsüz ki, bu komandaya zərər yetirə bilər?

- Əksinə, xeyir verə bilər. Tanıdığınız Samirəm, dəyişən bir şey yoxdur. Enerjini futbolçulara ötürə bildiyimi düşünürəm. Azarkeşlərlə və həmkarımla dialoqum oldu. Onları yerlərinə otuzdurdum. Rəqib oyunçuların tez-tez yıxılmaları məni əsəbləşdirirdi.

- Oyunun sınma nöqtəsi Namiqin zədələnməsi, yoxsa Mərtin qırmızı vərəqə alması oldu?

- Məncə, Mərtin qırmızı vərəqə alması oldu. Ona qədər tam üstünlük bizdə idi. 11-11-ə qarşı oynayanda daha çox şanslarımız olurdu, boşluqlardan yararlanırdıq. Rəqibdə qırmızı vərəqə futbolçuları daha da həvəsləndirdi. Ancaq Mərtin qırmızısından sonra hücumlara həmin gücdə çıxa bilmədik. Bu baxımdan qırılma nöqtəsi sayıram. Mərt də cavan futbolçudur, dəstək olmaq lazımdır. Mən də futbolçu vaxtı qırmızı vərəqə almışam. Bəlkə də, rəqibi yıxmasaydı, hücum qolla nəticələnə bilərdi.

- Afinada psixoloji baryeri aşdınız. Rəqibi artıq "oxumusunuz". Mərhələni keçmək üçün əlinizdə kifayət qədər material var?

- Önəmli olan əlimizdə olan materialla nəsə etməkdir. Reallıqdan kənara çıxa bilmərik. "Olimpiakos" hər oyunda sənə müxtəlif temp təklif edə bilər. Bakıdakı görüşdə də bu cür oynayacaqlarının təminatı yoxdur. Bu gün motivasiyanın, xarakterin hesabına onları üstələdik. Onlara qarşı yalnız bunun hesabına nəsə edə bilərik. Bakıdakı görüş rəqibdən də asılı olacaq. Onlar tam başqa motivasiyada çıxa bilərlər. Uşaqlar buna hazır olmalıdırlar.

- 75 dəqiqə meydanda çox yaxşı göründünüz. Amma son 15 dəqiqədə Buqrin və Emin əzələsini tutdu. Sanki "Olimpiakos" fiziki cəhətdən daha yaxşıdır...

- Emini düz qeyd etdiniz. Buqrinin ayağında görüşdən əvvəl də problem var idi. Hətta oyunun gedişində də dəyişmək istədim, çıxmadı, ağrılarla oynadı. Biz yaxşı toplanış keçməmişik. Kənar amillər yaxşı hazırlıq keçməyimizə maneçilik törətdi. Millinin oyunçuları və digər futbolçular düşərgəyə gec qoşuldular. Sezar Meza Kolli və bəzi oyunçular 2 həftə hazırlıq keçə bildilər. Amma bu cür matça hazır olmaq üçün ən azı 4 həftə toplanış keçməlisən. Say bərabərləşdikdən sonra rəqib də hücuma çıxdı. Üstəlik, əvəzləmələr də etdilər. Biz isə eyni oyunçularla həm müdafiədə, həm də hücumda oynamaqda çətinlik çəkdik. Düşünürəm ki, Bakıda bu problemi aradan qaldırmaq olar.

- Qapı istiqamətinə 7 zərbə vurmusunuz, ancaq bunların heç birindən yararlana bilməmisiniz. Bakıda bu zərbələrin qolla nəticələnəcəyinə inanırsınız?

- Dua edək ki, hər zərbəmiz qol olsun. Təbii ki, futbolda hər zərbə qol olacaq deyə bir qanun yoxdur. Yavaş-yavaş daha yaxşı olacağıq. Hamımız cavab görüşünə inamlı olmalıyıq. Oyunçu azlığımız var, bunu da aradan qaldıracağımızı düşünürəm. Ümid edirəm ki, mərhələni adlayan tərəf biz olarıq.