09:33 22-07-2021
news_image
289
FUTBOL

Bakıya qalan ümid - DƏYƏRLƏNDİRMƏ

7 ildən sonra Çempionlar Liqasına dönüşünü Tbilisi “Dinamo”su üzərində qələbələrlə qeyd edən “Neftçi”ni II təsnifat mərhələsində Yunanıstan nəhəngi gözləyirdi.

Apasport.az saytının məlumatına görə, 46 qat ölkə çempionu “Olimpiakos” önündə təmsilçimizin şansı, demək olar ki, sıfıra bərabər göstərilirdi.

Oyunöncəsi bədbinliyə qapılma səbəbləri
Təkcə ona görə yox ki, rəqib 1925-ci ildə yaradılan “Olimpiakos”dur. Həm də ona görə ki, Azərbaycan çempionu ideal durumundan çox-çox uzaqdır. Həm təlim-məşq toplanışının qısa çəkməsi, həm az yoxlama görüşü keçirmək, həm heyətin kasadlığı, həm də gedənlərin fonunda gələn futbolçuların az olması möcüzəyə ümid edənlərin də bədbinliyə qapılmasına səbəb idi. Belə bir durumda mərhələnin düşə biləcək ən güclü komandası ilə qarşılaşmaq bəxtsizlik sayılırdı. Elə “Neftçi”nin baş məşqçisi Samir Abasovun da bu problemləri tez-tez qabartması boş yerə deyil.

Yeganə ümidverici məqam “Olimpiakos”un da tam hazır olmaması idi. Pedro Martins yetirmələrini sonuncu dəfə ötən mövsüm rəsmi matça çıxarmışdı. Avrokuboklarda mübarizəyə bu mərhələdən başlayan Pirey təmsilçisi bir neçə yoxlama görüşü ilə kifayətlənmişdi. Ancaq Samir Abasovdan fərqli, portuqaliyalı həmkarının sərəncamındakı futbolçulardan ən azı iki normal “11-lik” qurmaq olar. Rəqibin heyətində hətta keçmişdə Avropa arenalarında adından söz etdirən simalar da var ki, bu da həyəcanı birə-beş artırırdı.

Gözlənilən “11-lik” və dəyişməz sistem
“Olimpiakos”un heyətinə nəzər yetirsək, ulduzların bəzilərinin ehtiyatda qalması, bəzilərinin isə matçın iştirak ərizəsinə salınmaması diqqətçəkən məqam idi. Görünür, baş məşqçi adlara yox, hazır olan futbolçulara üstünlük vermişdi. Azərbaycan çempionunda isə “Dinamo” ilə Bakıdakı qarşılaşmanın start “11-liy”ində yer alanlardan 10-u yenə ilk dəqiqələrdən meydanda idi. Yalnız Ömər Buludovu sağ cinahda Harramiz Soareş əvəzləmişdi. Son iki transfer Roman Bask və Uqo Basto ehtiyatda saxlanılmışdı. Baş məşqçi qarşılaşmadan bir gün əvvəl onları hətta 30 faiz hazır olacaqları halda da meydana buraxacağını demişdi. Görünür, Bask və Bastonun hazırlıq durumu hətta 30 faizdən də aşağıdır.

Samir Abasov taktiki düzülüşə əl dəyməmişdi. Hər halda yaradıcı və hücumameyilli oyunçuların çoxluq təşkil etdiyi heyətin “Olimpiakos” kimi keyfiyyətli rəqibə qarşı ikinci plandan oynaması heç də asan deyil.

Lavalın puç olan əziyyəti
“Georgios Karaiskakis” stadionu bir ildən çox fasilədən sonra azarkeş qəbul edirdi. Tribunalar dolmasa da, matça toplaşan, xüsusən də, qapı arxasındakı fanatlar əsl futbol ab-havası yaratmışdılar. Onların çılğınca dəstəyinə baxmayaraq, “Neftçi” matça heç də gərgin başlamadı. Hakimin start fiti ilə bərabər çempionumuzun həyəcanı da geridə qaldı. Bu, komandanın görüşə psixoloji cəhətdən hazır olduğunu göstərirdi. Hətta ilk 15 dəqiqədə “Neftçi” daha təhlükəli hücumlarla yadda qaldı. Bunda Yusuf Lavalın sol cinahdan sürətli keçidləri əsas rol oynadı. Erkən qol üçün təmsilçimiz düz 3 dəfə şans yaxaladı. Lakin nə Namiq Ələsgərov, nə Emin Mahmudov, nə də Sabir Buqrin imkanları dəyərləndirdi. Bu dəqiqələrdə rəqibin sağ cinahındakı boşluqlar Lavala boş dəhliz yaratsa da, komanda yoldaşları onun əziyyətini yerə vurmaqla məşğul idi.

Qol vəziyyəti yaratmadan hesabı açan “Olimpiakos”
Getdikcə toparlanan “Olimpiakos” topa nəzarəti ələ aldı və “Neftçi”nin əks-hücum qurmasına pressinqlə imkan verməməyə başladı. Ancaq komandamızın müdafiə xəttini yarmaq yunanlar üçün müşkülə çevrilmişdi. Təəssüf ki, pireylilər real qol vəziyyəti yaratmadan da hesabı açmağı bacardılar. Məhəmməd Kamaranın uzaq məsafədən asma-zərbə qarışıq topa toxunuşu Aqil Məmmədovun da “köməyi” sayəsində tora düşdü. Lakin gözlənilməz bu qol da “Neftçi” futbolçularını “sındırmadı”. Hətta tezliklə bərabərlik topu üçün əla imkan da yarandı. Di gəl ki, Namiq qapıçı ilə təkbətək dueldən məğlub ayrıldı. Bundan sonra da təhlükəli həmlələri yalnız “ağ-qaralar”ın ifasında izləyirdik. Təsadüfi deyil ki, ilk yarıda qapıya zərbələrdə statistik göstərici 1:6 idi.

Hissənin sonlarında yunanların əvvəlcə azarkeşləri, ardından isə futbolçuları cığallıq eləməyə başladılar. Samir Abasovun hakimə etirazını fanatlar çılğınlıqla qarşıladılar. Bu, tərəflər arasında kiçik mübahisəyə yol açdı. Heç iki dəqiqə keçməmiş qolun müəllifi Kamaranın Namiq Ələsgərova qarşı kobudluğu portuqaliyalı referi Joao Pineyronu qırmızı vərəqə göstərməyə məcbur etdi. Rəqib 10 nəfərlə qalsa da, bu hərəkət “Neftçi”yə daha böyük zərbə oldu, əsas qol ümidinin sıradan çıxması ilə nəticələndi. İkinci hissədə onun vəzifəsini Mirabdulla Abbasov icra etməli idi.

Qısa çəkən say üstünlüyü və fiziki problem
“Olimpiakos”un çalışdırıcısı fasilədən dərhal sonra əvəzləməyə əl atdı və 5-li müdafiə sisteminə keçdi. Bu artıq nəticəni qorumağa hesablanmışdı. “Neftçi”də də futbolçuların meydançadakı düzülüşündə dəyişikliklər edilmişdi. Laval sol cinahdan artıq vinger kimi çıxış edir, geri çəkilmirdi. Hətta bəzən Mirabdullaya yaxın oynayaraq, 2-ci hücumçu funksiyasını icra edirdi. Sol cinahda geridə yaranan boşluğu Buqrin doldurmuşdu. Lavalla müqayisədə əks cinahdakı Harramiz çox irəli çıxmırdı. Təmsilçimiz say üstünlüyündən yararlanmaq üçün qısa müddət ərzində müxtəlif düzülüşlərdən istifadə etdi. Komanda gah 4-4-2, gah 3-5-2, gah da 3-4-3 kimi çıxış etsə də, ön xətdəki pressinq bir bəhrə vermirdi. Ancaq bu təzyiq qolun xəbərçisi idi. Bütün planları isə Mərt Çelik bir ehtiyatsız hərəkətlə pozdu. 63-cü dəqiqədə top əvəzinə rəqibin sifətini nişan alan gənc müdafiəçi həm təcrübəsizliyinin qurbanı oldu, həm də meydançada oyunçu sayında tarazlıq yaratdı.

Buna rəğmən “Neftçi” yenə təhlükəli həmlələrini davam etdirdi. Hər iki komandanın fiziki durumunun qaydasında olmaması məhz son yarım saatda hiss olundu. Çünki 10 nəfərlə daha çox qaçmaq lazım gəlirdi ki, nə “Olimpiakos”, nə də “Neftçi” oyunçuları bunu lazımınca bacarırdı. Xüsusən də, bakılıların bu fiziki yüklənməyə hazır olmadıqları göz önündə idi. Həm bu amil, həm də ardıcıl əvəzləmələr tempin xeyli aşağı düşməsinə gətirib çıxardı. İkinci hissədə, ümumiyyətlə, qapılar qarşısında yüz faizlik qol şansı yaranmadı. Nəticədə “Neftçi” ən pis halda heç-heçəli etməli olduğu Pirey səfərindən minimalhesablı məğlubiyyətlə döndü. Ancaq həm hesab, həm də sərgilənən oyun Bakıdakı cavab qarşılaşması üçün ümidverici oldu.

Bu komandalar arasında cavab görüşü isə iyulun 28-də “Bakcell Arena”da keçiriləcək.

Ruslan Sadıqov / Pirey