14:39 26-07-2021
news_image
2918
TOKİO-2020

Namiq kimisi olmayıb! – XXI əsrin uğursuzluğu

Azərbaycan olimpiya yığmasının bayraqdarlarının uğursuzluq ənənəsi davam edir.

Apaasport.az saytının məlumatına görə, XXI əsrdə keçirilən Yay Olimpiya Oyunlarındakı təmsilçilərimizin heç biri bayraq daşıdığı yarışda mükafat qazana bilməyib.

Afina-2004, Pekin-2008, London-2012 və Rio-2016-da yaşanan bu xoşagəlməz ənənə Tokio-2020 Yay Olimpiya Oyunlarında da təkrarlanıb. Yalnız bir fərqlə ki, əvvəlki 4 yarışda bir bayraqdarımız olub və medal qazana bilməyibsə, bu dəfə onların sayı iki olub.

Fəridə Əzizova taekvondoda, Rüstəm Orucov cüdoda arzulanan nəticəni qazanmayıb. Ümidləri doğrulda bilməyən bayraqdarlardan biri ilk döyüşdə uduzubsa, Rüstəm bürüncün bir addımlığında dayanıb. O, üçüncülük uğrunda qarşılaşmada məğlubiyyətlə üzləşib. 

Müstəqillik illərində 7-ci dəfə Olimpiadaya qatılan Azərbaycan yığmasının medal qazanan yeganə bayraqdarı Namiq Abdullayev olub. Atlanta-1996-dakı gümüş medaldan sonra flaqmanlığı haqq edən pəhləvanımız ötən əsrin son ilində Sidneydə təkcə bayrağımızı dalğalandırmaqla kifayətlənməyib, həm də himnimizi səsləndirib. Bunu bacaran ikinci bayraqdar isə 21 ildir yoxdur. Ən azı daha üç il də - Paris-2024-ə qədər olmayacaq.

Bayraqdarlarımızın nəticələri
1996. Nazim Hüseynov (cüdo) – 1/8 finalda
2000. Namiq Abdullayev (sərbəst güləş) - çempion
2004. Nizami Paşayev (ağırlıqqaldırma) – birdənqaldırmanı yerinə yetirə bilməyib
2008. Fərid Mansurov (yunan-Roma güləşi) – 1/8 finalda uduzub
2012. Elnur Məmmədli (cüdo) – 1/32 finalda uduzub
2016. Teymur Məmmədov (boks) – 1/4 finalda uduzub
2020. Fəridə Əzizova (taekvondo) – 1/16 finalda uduzub
2020. Rüstəm Orucov (cüdo) – 5-ci yer