11:07 27-07-2021
news_image
171
TOKİO-2020

Azərbaycanlı idmançılarından kimə azarkeşlik etdiyini açıqladı – yaponiyalı səfir

“Bir çox idman növü ilə məşğul olmuşam. Gənclik illərində kendo, badminton və üzgüçülüyə getmişəm”.

Apasport.az saytının məlumatına görə, bunu Yaponiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada deyib.

Azərbaycan Milli Olimpiya Komitəsinin “Zəfər günləri” layihəsinin qonağı olan səfir Yaponiyanın Olimpiadaya uğurlu start götürdüyünü söyləyib: “Yaponiya yığması Olimpiadaya çox gözəl start götürüb. Yarışın ev sahibi olan ölkə kimi də idmançıların ən gözəl şəkildə hazırlıq keçməsinə şərait yaradılıb. Bu uğurlu çıxış da hazırlığın nəticəsidir”.

Cuniçi Vada Tokio-2020-də azərbaycanlı karateçilərdən medallar gözlədiyini bildirib: “Özümün də vaxtilə məşğul olduğum badminton növündə dünyanın bir nömrələrindən sayılan Kento Momota pərəstiş edirəm. Azərbaycan idmançılarından isə bir çoxları tərəfindən bəyənilən karateçi Rafael Ağayevə azarkeşlik edirəm. Düşünürəm ki, Olimpiya idman növlərinə ilk dəfə daxil olan karate növündə Azərbaycanın da güclü idmançıları var. Komandanız karate yarışlarında uğurlar qazanacaq”.

Qeyd edək ki, Yaponiya yığması Olimpiadanın hələlik 8 qızıl, 2 gümüş, 4 bürünc medal qazanıb.