13:03 27-07-2021
news_image
236
FUTBOL

“Neftçi”nin sürprizini bir saniyə də ağlımızdan keçirmirik” - Matye Valbuena

“İlk oyunda olduğu kimi, bu dəfə də çətinliklərə hazırıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Olimpiakos”un futbolçusu Matye Valbuena Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab görüşü öncəsi təşkil edilən mətbuat konfransında deyib.

“Zoom” proqramı vasitəsilə tədbirə qatılan 37 yaşlı fransalı hücumameyilli yarımmüdafiəçi fikrini bu sözlərlə davam etdirib: “Asan oyun olmayacaq. Əlimizdən gələni edəcəyik və yenə qələbə qazanmağa çalışacağıq”.

- Budəfəki görüş nə dərəcədə fərqli olacaq?
- Fərqli ola bilər. Bəzi oyunçularımız iştirak etmədiyi üçün Yunanıstanda çətinliklərlə üzləşdik. Bunu da gözləyirdik. Ancaq yenə də addım-addım irəliləmək və Çempionlar Liqasında məqsədimizə çatmaq istəyirik.

- Hansı hissləri keçirirsiz və klub üçün əlinizdən gələni edəcəksiniz?
- Əlbəttə ki, əlimizdən gələni edəcəyik. Bütün komanda şəklində oyuna yaxşı hazırlaşmışıq və qələbə qazanmağa köklənəcəyik.

- “Neftçi”dən sürpriz gözləyirsiz və rəqibinizin mərhələni keçməsini heç ağlınızdan keçirmisiz?
- Düzdü, bəzi problemlərimiz oldu. Amma bunu bir saniyə də ağlımızdan keçirmirik. Azərbaycana məğlub olmaq üçün yollanmayacağıq. Bunun üçün buradayıq. Oyun çətin olacaq. Ancaq biz öz proqramımız üzrə hərəkət edirik.

Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu saat 21:00-da başlayacaq. Yunanıstandakı ilk qarşılaşmada ev sahibləri 1:0 hesablı qələbə qazanıb.