20:33 27-07-2021
news_image
488
FUTBOL

"Yunanıstandakı oyunun davamını gətirmək istəyirik" - Samir Abasov

“İlk oyundan sonra artıq rəqibin nəyə qadir olduğunu tam öyrəndik. Hansı gücdə rəqib olduğunu matçdan əvvəl də bilirdik".

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının II təsnifat mərhələsində “Olimpiakos”la keçiriləcək cavab oyunu öncəsi təşkil edilən mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis Yunanıstandakı 0:1 hesablı məğlubiyyətə baxmayaraq, sabah “Bakcell Arena”da baş tutacaq qarşılaşmaya ümidli çıxacaqlarını bildirib: “Sabahkı oyuna hazırıq. Düşünürəm ki, bizi gərgin mübarizə gözləyir. Bizi istəyənlər, azarkeşlər tərəfindən ajiotaj var. İnanırıq ki, onların inamını doğrulda biləcəyik. Komandamız oyundan-oyuna artıracaq və daha yaxşı səviyyəyə gələcək. Buna potensialımız var. Bəzi üzücü məqamlar var. İtkilərimiz var. Amma bu barədə danışmaq istəmirəm. Sabahı gözləyirik. Bizi çox maraqlı görüş gözləyir".

- Hazırlıq mərhələsində Harramizlə Meza Kollini hücumun cinahında sınamışdınız. Bu dəfə də eyni metoddan yararlana bilərsiniz?

- Hər an hər şey dəyişə bilər. Bu gün taktiki gedişdən danışmaq istəmirəm. Bəzi oyunçulardan üzücü xəbərlər ala bilərik. Sabah kimlərin oynayıb-oynamayacağı ilə bağlı bu gün dəqiq bir cavab yoxdur. Biz də bəzi oyunçuların durumunun necə olacağını gözləyirik.

- Stadionun ot örtüyünün durumu sizi qane edirmi?

- "Dinamo" ilə oyundan sonra ot örtüyünün durumu barədə məsul şəxslərlə danışdıq, səbəbini izah etdilər. Bəzi məqam var ki, meydança istirahət etməlidir. Biz burada məşq edirik, bundan irəli gələ bilər. Üstəlik, isti hava şəraitində meydançaya baxmaq da çətindir. İnanıram ki, bundan sonra meydançanın durumu bizim istədiyimiz kimi olacaq. Düzdür, sabahkı oyun tam başqa formatda keçəcək. Amma inanıram ki, hər şey yaxşı olacaq.

- Yunanıstanda qeyd etmişdiniz ki, cavab görüşündə azarkeşlərə ehtiyac var. Bunu hiss edirsiniz?

- Azarkeşlər çox aktivdirlər. Sosial şəbəkələrdə verdikləri dəstəkləri bizim üçün çox önəmlidir. Sabah oyun zamanı da bunun davamının gələcəyinə inanırıq. Onların bu dəstəyi futbolçuları istədiyimiz duruma gətirməkdə bizə kömək edir.

- Cavab oyunu döyüşə bənzədilir. Komandanız 120 dəqiqəlik mübarizəyə və penaltilər seriyasına tam hazırdırmı?

- Komandamız hər şeyə hazırdır.

- Namik Ələskərov və Mert Çelik sabah oynamayacaq. Başqa hansı futbolçunuz görüşü buraxacaq?

- İstərdik ki, heç kim kənarda qalmasın. Sizin bildiyinizdən əlavə bu gün elə bir problemimiz yoxdur. Hələ ki, hər şey qaydasındadır. Bu gün məşqimiz var. İnşallah, heç kim zədə almaz.

- Ot örtüyünün durumu ürəkaçan deyil. Sizcə, ötən il "Qalatasaray"la matçda olduğu kimi, bu oyun da Bakı Olimpiya Stadionunda keçirilə bilməzdimi?

- "Qalatasaray"la oyun vaxtı mən baş məşqçi deyildim. Bilmirəm, bəlkə də, mənim burada olmağım sizin bəxtinizdəndir. Amma ot örtüyünün durumu necə olur-olsun, hər iki komanda üçün şərtlər eyni olacaq.

- "Olimpiakos" son məşqini öz meydanında keçdi. Bunu sizə qarşı psixoloji addım hesab etmək olar və sabah cavabını vermək üçün nələr edəcəksiniz?

- Bu barədə düşünməmişəm. Komandanın, baş məşqçinin iş prinsipi belədir. İnanmıram ki, bu, bizə qarşı atılan addımdır. Hansısa ölkəyə gedəndə biz də belə edə bilərik. Normal haldır. Bunu əlimizdə bayraq tutmaq istəmirik. Biz Yunanıstandakı oyunun davamını gətirmək, baxımlı oyunla azarkeşləri sevindirmək istəyirik. "Olimpiakos" kimi komandanın hansısa rəqibə qarşı belə düşüncədə olacağına inanmıram. Onların bu seçiminə hörmətlə yanaşıram.