20:35 27-07-2021
news_image
216
FUTBOL

"İlk görüşdə məğlubiyyətə layiq deyildik" - Sabir Buqrin

“İlk oyundan sonra özümüzə inam daha da çoxalıb". 

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin Çempionlar Liqasının II təsnifat mərhələsində “Olimpiakos”la keçiriləcək oyunla bağlı danışarkən deyib.

Sabah “Bakcell Arena”da baş tutacaq cavab qarşılaşması öncəsi mətbuat konfransına qatılan belçikalı futbolçu fikrini bu sözlərlə davam etdirib: “İlk görüşdə məğlubiyyətə layiq deyildik. Bizi yaxşı oyun gözləyir. İnşallah, sabah uğurlu nəticə əldə edərik".

- İlk oyundakı "Olimpiakos"un zəif çıxışını nəzərə alıb, sabah azarkeşlərin önündə daha uğurlu nəticə göstərəcəyinizə inamınız var? Yoxsa, rəqibin səhvlərini düzəldib, daha güclü çıxış edəcəyini düşünürsünüz?

- Yunanıstanda "Olimpiakos"un zəif çıxışının səbəbi biz idik. Onlar zəif deyildilər, biz yaxşı çıxış etdik. Rəqibi yaxşı təhlil etmişdik. Sabah da çalışacağıq ki, onlar bizə adaptasiya olunsunlar, biz onlara yox.

- Ayağınızda ağrılar olduğu üçün ilk oyunda öyrəşdiyimiz Buqrini görə bilməmişdik. Hazırkı durumunuz nə yerdədir?

- Doğru məlumatdır, səfər oyununda ağrılar var idi. Amma bu dəfə tam hazıram. Ağrı olsa da, olmasa da yüz faiz gücümü ortaya qoymağa, komandama kömək etməyə çalışacağam.

- "Olimpiakos"un kifayət qədər problemləri var. Onlara qarşı hansı tədbir görməklə uğur qazana biləcəyinizi düşünürsünüz?

- Çalışacağıq ki, öz oyunumuza diqqət yetirək. İlk görüşdə hücumda daha effektli olsaydıq, məğlub olmazdıq. Sabah da öz oyunumuza fikir verəcəyik, "Olimpiakos"a diqqət yetirməyəcəyik.

- Azarkeşlər arasında belə söhbət var ki, Sezar Meza Kollinin gəlişindən sonra meydanda özünüzü rahat hiss etmirsiniz. Bu, həqiqətən də, belədir?

- Özümü ötən mövsümün sonlarındakı kimi yaxşı hiss etmirdim. Bunun Sezarla heç bir əlaqəsi yoxdur. Onun gəlişindən sonra meydanda daha inamlıyam. Çünki bir-birimizi daha yaxşı başa düşürük. Gələcək matçlarda bu, özünü daha yaxşı büruzə verəcək.

Qeyd edək ki, Yunanıstanda keçirilən ilk görüşdə meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.