17:51 27-07-2021
news_image
231
TOKİO-2020

“Tezliklə qayıdacağam” - Rüstəm Orucov söz verdi

“Əziz dostlar, bəlkə də, bu yazını yazmağın mənim üçün nə demək olduğunu başa düşürsünüz. Bu an, idman həyatımda və karyeramda baş vermiş ən pis gün idi. Amma bilirəm ki, bu son deyil”.

Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan yığmasının cüdoçusu Rüstəm Orucova məxsusdur.

Tokio-2020 Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində mübarizə aparan yığmamızın bayraqdarı medal qazana bilməməsinə feysbuk səhifəsi vasitəsilə münasibət bildirib.

1/4 final mərhələsində yaponiyalı Şohei Onoya, bürünc medal döyüşündə isə cənubi koreyalı An Çanqrimə məğlub olan və sonda 5-ci yeri tutan 30 yaşlı cüdoçu yenidən əvvəl formasını bərpa edəcəyinə söz verib: “İdmanda həm qazanırsan, həm də yenilirsən. İndi bir az dincəlmək, nə olduğunu düşünmək, dərk etmək və yeni bir Olimpiya dairəsinə başlamaq vaxtı gəldi. Sizdən bir çox dəstək mesajı aldım. Həyatımda bu cür ecazkar insanlara sahib olduğum üçün çox qürurlu və xoşbəxtəm. Görkəmli dəstəyinizə təşəkkür etmək üçün kifayət qədər sözüm yoxdur! Mənə inananlara təşəkkür edirəm. Söz verirəm, tezliklə qayıdacağam və sona qədər mübarizə aparacağam!”

Qeyd edək ki, Rüstəm Orucov Rio-2016 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.