09:47 28-07-2021
news_image
363
TOKİO-2020

“Yuxuma girmişdi ki, Olimpiadadayam və...” – Azərbaycan badmintonçusu

“Özümü yaxşı hiss edirəm. Çünki istədiyim kimi oynaya bildim”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan badmintonçusu Edi Reski Dviçayo deyib.

Milliləşən legioner Tokio-2020 Yay Olimpiya Oyunlarında keçirdiyi ilk qarşılaşmada vyetnamlı Tien Min Nquenə qalib gəlib. O, debütdəki uğuru barədə fikirlərini açıqlayıb: “İkinci hissədə qarşılaşmanı bitirməyə çox yaxın idim. Amma set daha əsəbi keçdi. Çünki mənim ilk Olimpiadamdır. Lakin matçı uğurla bitirə bildim”. 

Edi öz oyun üslubunu kumirindən “götürdüyünü” də gizlətməyib: “Hücum üslubunda oynayıram. Belə çıxış etməkdən həmişə xoşum gəlib. Badmintonçu kimi yetişdiyim vaxtlarda kumirim Li Çonq Vey olub. Onun üslubu, hərəkətləri və ayaqla necə işləməsi xoşuma gəlirdi”.

İndoneziyalı idmançı milliləşməsi barədə də danışıb: “Azərbaycan mənim üçün yaxşı variant oldu. Onlar üçün çıxış etməyi xahiş etdilər. Əksər dostlarım məşqçi və ya sınaqçı rəqib kimi başqa ölkələrə getdi. Hələ gənc olduğumdan oynamaq və daha da yaxşı nəticələr qazanmaq istəyirdim”.

Dviçayo vətənində yığmaya düşmək şansının olmadığını dərk etdiyi üçün ölkəmizə üz tutduğunu da etiraf edib: “Bizdə - İndoneziyada oyunçular çoxdur. Heç vaxt gənclər arasında 1 nömrə ola bilməzdim. Ona görə də əsas yığmaya düşmədim. Məşqçilərimdən biri oynamaq üçün başqa ölkəyə getmək istəyib-istəməməyimi soruşdu. Razılaşdım və indi Azərbaycandayam”.

Legioner öz nəticələri ilə Azərbaycan Badminton Federasiyasını da məmnun etdiyini də bildirib: “Bu, mənim ilk Olimpiadamdır. Ailəm çox xoşbəxtdir. Yuxuma girmişdi ki, Olimpiadadayam və budur mən burdayam. Federasiyam çox razıdır. Çünki biz 2 il səylə işlədik. İndi də bunu bacarıb Olimpiadaya düşmüşük”.

Reski bu gün qrupda ikinci, həm də həlledici matçına çıxacaq. Badmintonçumuz Olimpiadanın favoritlərindən olan danimarkalı Anders Antonsenlə görüşdəki şanslarını dəyərləndirib: “O, ən yaxşı oyunçudur. Mən sadəcə nəyi bacarıramsa, onu da etməyə çalışacağam. Bütün gücümdən, öz texnikamdan yararlanmağa cəhd edəcəyəm. Qələbə və ya məğlubiyyət barədə düşünmək istəmirəm. Amma onun şansları 70, mənimki 30 faizdir”.