23:53 28-07-2021
news_image
231
FUTBOL

Yenə uduzdu – “Qalatasaray”

Türkiyənin “Qalatasaray” klubu Çempionlar Liqası ilə vidalaşıb.
    
Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi qitənin ən nüfuzlu turnirindəki çıxışını başladığı II təsnifat mərhələsində dayandırıb.

“Sarı-qırmızılar” bir həftə əvvəl Niderlandda 1:5 hesabı ilə uduzduğu PSV ilə ev oyununda da uğursuzluğa üzülüb. Eyndhoven təmsilçisi hər hissədə bir qol vuraraq meydandan qələbə ilə ayrılıb.

Fasiləyə 8 dəqiqə qalmış Noni Madueke, 59-cu dəqiqədə isə Marko van Ginkel fərqlənib. Türkiyəlilər yalnız Mbaye Diaqnenin 84-cü dəqiqədəki qolu ilə fərqi azaldıb – 1:2. 

Hər iki görüşdə uduzan “Qalatasaray” isə yoluna Avropa Liqasında davam edəcək. İstanbullular qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsində mübarizə aparacaq. Onların rəqibi Şotlandiya təmsilçisi “Sent Conston” olacaq. “Qalatasaray” avqustun 5-dəki ilk oyunu evdə, bir həftə sonrakı cavab görüşünü səfərdə keçirəcək.

Qeyd edək ki, Şotlandiya klubu avrokubok mövsümünə məhz Avropa Liqasının III təsnifat mərhələsindən başlayacaq.