22:04 29-07-2021
news_image
266
FUTBOL

"Biz bu yolla getmirik" - Ayxan Abbasov

“Azarkeşlərimizə təşəkkür edirəm. Bu gün möhtəşəm idilər. Təəssüf ki, onları sevindirə bilmədik".

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Konfrans Liqasının II təsnifat mərhələsində “Çukariçki” ilə keçirilən cavab oyunu barədə danışarkən deyib.

Serbiya klubu ilə səfərdə qolsuz bərabərə qalan “gənclik şəhəri” təmsilçisi “Kapital Bank Arena”da 0:2 hesabı ilə məğlub olaraq, avrokuboklarla vidalaşıb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abbasov komandasını dəyərləndirib: “Oyuna belə başlamaq istəməzdik. Rəqib çox asan qollar vurdu və üstünlük yaratdı. Həmin hücumlara hazırlaşmışdıq. Gözlədiyimiz hücumdan qol buraxdıq. İkinci qol isə penaltidən oldu və nəticəni dəyişə bilmədik. İkinci hissədəki çıxışdan razı qaldım. Bir qol vursaydıq, bəlkə də, geri dönüş edə bilərdik. Çempionatda üçüncü yeri tutmaq çox çətin idi. Bu gün Konfrans Liqasında çıxış etdik, komanda inkişafdadır. Futbolçuların səhvlər etməsini istəmirik. Amma bunun üçün təcrübə lazımdır. "Çukariçki"ni keçmək olardı. Tez qol buraxmasaydıq, oyunun axarı başqa cür olardı. Bizim üçün avrokubok mövsümü bitdi. Amma futbolçularıma dedim ki, bu həyəcanı yenidən yaşamaq istəyiriksə, daha da istəkli olmalıyıq. Son üç ildə çempionatda ilklərə imza atmışıq. Bu şəhərin arzusu avrokuboklarda oynamağımız idi. Təəssüf ki, avrokuboklarda ilkə imza ata bilmədik. Heyətin gücləndirilməsi vacibdir. Bunun üzərində işləyəcəyik. Bəzi çatışmazlıqlarımız var".

- Transfer edə bilmədiyiniz üçün üzülürsünüzmü?
- Transfer bu gün mərhələ keçməməyimizə səbəb deyil. Öz yolumuz var. Süleymanın, Muradın, Rüfətin qarşısını kəsmək istəmirik. Onların inkişafı üçün səbirli olmalıyıq. Kənardan oyunçu gətirib, nəticə vermək çox asandır. Biz bu yolla getmirik. Rəhbərliyin də bir fikri var. Kənardan 10-11 nəfər gətirdik, yerli futbolçular harada oynayacaq? Bəli, nəticə verməliyik. Amma bəzi oyunçuları oynatdığım üçün məni qınayanlar var idi. Sonradan isə onlara "Neftçi"dən təklif gəldi. Çünki biz səbir etməyi bacarırıq. Heyətimizin özəyini qorumuşuq. Çempionatda daha yaxşı olmaq üçün bu oyunlar vacib idi.

- Geriyə baxdıqda yenidən bu heyəti meydana buraxardız?
- Futbolda anidən hər şey alt-üst ola bilir. Oyun bizim üçün yaxşı başlamışdı. Amma əks-hücumda tutub, qol vurdular. Çox sual verirdilər ki, ilk görüşdə müdafiə oturdunuz. Bu gün oyunboyu hücumda keçirdik. Futbolçularımın hücum gücünü əlindən almaq istəmirəm. Başqa taktika seçə bilərdim. Amma istədim ki, futbolçular sərbəst olsunlar. 0:0 hesabı mərhələ keçmək üçün təminat vermir. Nəticə əldə etmək üçün bəzi oyunçular bir az da böyüməli, artırmalıdırlar.