23:54 29-07-2021
news_image
163
FUTBOL

“Məni üzən məqam odur ki, çox qol buraxdıq” - Sənan Qurbanov

"Birinci oyunda məğlub olmuşduq. Evdə bəzi risklər etməliydik”.

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Bakıda Rusiyanın “Soçi” klubuna uduzduqları (2:4) Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra deyib. 

O, mətbuat konfransında məğlubiyyəti şərh edib və bildirib ki, rəqibin güclü heyətə malik olması istədiklərini reallaşdırmağa imkan verməyib: “Futbolçular vuruşdular, döyüşdülər, qələbə qazanmaq üçün çalışdılar. Amma rəqibin müdafiə xəttində çox ciddi oyunçular var və istədiklərimizi reallaşdırmağa imkan vermədilər. Rəqibin 3 mərkəz müdafiəçisi, demək olar, bütün hücumlarımızın qarşısını alırdılar. Qol buraxdıq, lakin məni üzən məqam odur ki, çox qol buraxdıq. Evdə riski gözaltına aldıq, əvəzetmələr də riskli idi. Qol vurmaq istəyirdik, buna görə də, hücumameyilli futbolçuları meydana buraxdıq. Deməzdim ki, bu, bizdə uğurlu alındı, amma bunu etməli idik. Ancaq qələbə qazanmaq istəyirdik. Bəlkə də 2:2  hesabını qorumaq olardı, ancaq qol vurub qələbə qazanmaq istəyirdik”. 

Qurbanov futbolçuların əllərindən gələni etdiyini, bu oyunun geridə qaldığını və artıq gələcəyə baxmalı olduqlarını da vurğulayıb.

Qeyd edək ki, ilk matçda da 0:3 hesabı ilə uduzan “Keşlə” avrokubokla vidalaşıb.