13:22 30-07-2021
news_image
143
TOKİO-2020

Məmmədəli Mehdiyev: “İstəyim medalla qayıtmaq idi, qismət olmadı” - MÜSAHİBƏ

Azərbaycan millisinin cüdoçusu Məmmədəli Mehdiyev Tokio-2020 Yay Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı medal qazanmamasının səbəblərindən danışıb.

- Kişilərdən ibarət cüdo yığmamızın Tokio-2020 Yay Olimpiya Oyunlarında medal qazana bilməməsinin səbəbi nə oldu?
- Əlbəttə ki, nəticə heç birimizi qane eləmir. Biz bu yarışa 7 kişi cüdoçu ilə gəlmişdik. Beş il idi bu yolu gedirdik, Olimpiadaya hazırlaşırdıq. Nəticənin belə olmasının bir yox, bir neçə səbəbi ola bilər. Bəzi cüdoçularımız gəncdir, bəlkə təcrübəsizliyə görə uduzublar. Mən və Rüstəm Orucovun püşkatmada bəxtimiz gətirmədi. Hər ikimizin çəkisində 2-3 rəqib var ki, çox çətindirlər. Belə oldu ki, onlar da bizim qərarlaşdığımız qrupa düşdü. Əslində hazırlığımız yaxşı keçmişdi. Hamımız bura müsbət ab-havada gəlmişdik, tam hazır idik. Sadəcə, bəxtsizlik oldu. Konkret bir səbəb deyə bilmirəm.

- Sizə elə gəlmir ki, komanda psixoloji cəhətdən hazır deyildi?
- Xeyr, bununla razılaşmıram. Bilirdik ki, hansı məsuliyyətin altına girmişik. Beş il idi bu yol uğrunda əziyyət çəkirdik. Hər bir idmançının məqsədi Olimpiadada, bayrağımızı dalğalandırmaq, Vətənə medalla qayıtmaq idi.

- Əsas rəqiblərinizi yəqin ki, yarışdan əvvəl təhlil etmişdiz, buna uyğun hazırlaşmışdız. Onlara qarşı həmin hazırlıq zəif olub?
- Hazırlığın zəif olduğunu deməzdim. Öz çəkimdə 3-4 idmançı var ki, onlara qarşı əziyyət çəkirəm. Onlardan biri Rusiya təmsilçisi idi. Elə oldu ki, ikinci görüşdə mənimlə düşdü. Məşqlərdə hazırlaşmışdım. Amma məşqlə yarışın ab-havası fərqli olur. Özümü də yaxşı hiss edirdim. Amma mənim yox, rəqibin günü oldu.

- Bəzi idmançılar uğursuz çıxışı pandemiya ilə əlaqələndirdilər. Bu dönəm çıxışınıza, həqiqətən də, mənfi təsir göstərdi?
- Əlbəttə. Aylarla zallar bağlı oldu. Bu bizə çox pis təsir elədi. Elə şərtlər qoyulmuşdu ki, bizə sərf eləmirdi, zal tapa bilmirdik, məşq keçmirdik. Üstəlik, yarış öncəsi mən də daxil olmaqla, yığmamızın üzvlərindən çoxu koronavirusa yoluxmuşdu. Bu xəstəliyə görə Avropa çempionatını buraxmalı oldum. Yeddi ay yarışsız qaldım. İki ay xəstəliklə mübarizə apardım. Sağaldıqdan sonra özünə gəlmək, bərpa olunmaq dönəmi oldu. Son dünya çempionatına qatılmaq istədim. Amma məşqçilər qərara gəldilər ki, Olimpiadaya hazırlaşım. Burada da medal qazanmaq qismət olmadı.

- Bildiyimizə görə, bəzi yığma üzvlərinə məşq keçmək üçün icazə verilmişdi...
- Biz xəstəliyə görə məşq edə bilmirdik. Şərait yaradıla bilərdi. Boş ərazi tapıb fərdi şəkildə məşq keçirdik. Bir ara yoluxma azalanda açıq havada məşqə icazə verdilər. Onda da bulvarda və ya başqa bir yerdə kross qaçmağa gedirdik. Təbii ki, oradakı şəraitlə zaldakı durum tam fərqlidir.

- Olimpiadanın ilk görüşündə qalib gəlsəniz də, ikinci dueldə məğlub oldunuz. Həmin rəqiblərlə əvvəllər qarşılaşmışdınız?
- Bəli, qarşılaşmışdım. İlk görüşdə qalib gəldiyim qazaxıstanlı İslam Bozbayevə Bakıda keçirilən “Böyük dəbilqə” yarışının finalında uduzmuşam. Çox güclü idmançı idi. O da bura bizim kimi, qələbə qazanmağa gəlmişdi. Rusiyalı Mixail İqolnikovla görüşdə uğursuzluqla üzləşdim. Bəhanə gətirmək istəmirəm, bunu eləməyə bir şey də yoxdur. İstəyim medalla qayıtmaq idi, qismət olmadı.