13:28 30-07-2021
news_image
183
TOKİO-2020

Olimpiadalarda ilk – İrina Kindzerskadan

Azərbaycan cüdoçusu İrina Kindzerska tarixi nailiyyətə imza atıb.

Apasport.az saytının məlumatına görə, +78 kq çəki dərəcəsində çıxış edən idmançı Yay Olimpiya Oyunlarında medal qazanan ilk qadın cüdoçumuz olub.

Bunadək Azərbaycanın heç bir xanım idmançısı tatamidən mükafatla ayrılmayıb. İrina Tokio-2020 Yay Olimpiya Oyunlarının 8-ci günündə fərqlənib. Bu, həm də yığmanın Yaponiya paytaxtındakı ilk uğuru olub.

Ümumilikdə isə cüdo yığmasının Olimpiya medallarının sayı 5-ə çatıb. Kindzerskaya qədər 4 kişi cüdoçu fəxri kürsüyə qalxıb. Elnur Məmmədli (73 kq) qızıl, Mövlud Mirəliyev (100 kq) bürüncü Pekin-2008-də qazanıbsa, Rüstəm Orucovla (73 kq) Elmar Qasımovun (100 kq) gümüşü Rio-2016-ya təsadüf edib.