14:08 30-07-2021
news_image
241
FUTBOL

Ramin Musayev klub rəhbərlərinə səsləndi - özgəsində günah axtarmayın

“Bütün klublarımıza yeni mövsümdə uğurlar arzulayıram”.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Azərbaycan Premyer Liqasının 2021/22 mövsümü ilə bağlı AFFA-nın inzibati binasında təşkil edilən püşkatma mərasimində çıxış edən qurum rəhbəri əvvəlcə avrokuboklardakı klublarımızın çıxışını dəyərləndirib: “Qarabağ” istisna olmaqla dünənki nəticələr bizim üçün üzücü oldu. “Qarabağ” və “Neftçi”yə avrokuboklarda uğurlar arzulayıram”.

O bildirib ki, bu, 30-cu çempionat olacaq: “Bəzi yoldaşlar öz səhvlərini çempionatda görürlər. Bizim çempionat zəif idisə, “Qarabağ” burdan Çempionlar Liqasına niyə vəsiqə qazandı, reytinqimiz niyə qalxmadı, çempionluq niyə son dəqiqədə müəyyənləşdi. Çempionat maraqlıdır ki, bunlar yaşandı. İnsan səhvi özündə axtarmasın. Həm klub məşqçilərinə və rəhbərlərinə səslənirəm: özgəsində günah axtarmayın. Klubda çalışmağın nə demək olduğunu bilirəm. Avrokuboklarda normal iştirak etmək istəyən klub qış fasiləsində heyətini gücləndirilməlidir. Əksər klublarımız gözləyirlər ki, vəsiqə qazanaq, sonra heyəti gücləndirərik. Bəzi komandalar avrokubok öncəsi heç yeni baş məşqçisini bilmir, qalmışdı ki, yeni futbolçusunu bilə. Hər bir klubumuza uğurlar arzulayıram. İnşallah, pandemiya bizdən uzaq olar, çempionatımız normal keçər”.

Musayev əlavə edib ki, yeni Əsasnamədə bəzi dəyişikliklər edilib: “Klub rəsmilərindən xahiş edirəm, vərəqləri kluba çatanda açıb tullamayın. Açın, baxın. Sonra deməyin ki, niyə belədir”.

PFL rəhbəri Premyer Liqadakı limitdə hər hansı bir dəyişikliyin olmadığını vurğulayıb.