14:24 30-07-2021
news_image
295
FUTBOL

"Avrokubokların startına bir həftə qalmış oyunçu axtarır, günahı da bizdə görürlər" - Ramin Musayev

“Klublarımızın avrokuboklardakı çıxışı üzücü oldu. Amma “Neftçi” və “Qarabağ” mübarizəni davam etdirir. Ümid edirəm ki, qrupa vəsiqə qazanarlar”.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Qurum rəhbəri Azərbaycan Premyer Liqasının 2021/22 mövsümü ilə bağlı AFFA-nın inzibati binasında təşkil edilən püşkatma mərasimində jurnalistlərin suallarını cavablandırıb.

- Adətən çempionat oyunları həftəsonları keçirilir. Ancaq məlum səbəblərdən ictimai nəqliyyat işləmir. Jurnalistlərin oyunlara gedişi ilə bağlı problemin aradan qaldırılması üçün hansısa addım atılacaq?
- Mənə elə gəlir ki, klub rəhbərləri sizin əziyyətinizi dəyərləndirər. Əgər onlar kömək etməsələr, bizə müraciət edərsiniz, köməklik edərik.

- Klublarımıza hansı məsləhətləriniz var?
- Məsləhətim odur ki, avrokuboklarda yaxşı çıxış etmək istəyirlərsə, vaxtında hazırlıq görməlidirlər. Əfsuslar olsun ki, avrokubokların startına bir həftə qalmış oyunçu axtarırlar. Bunun da günahını bizdə görürlər. Bizim borcumuz ədalətli çempionat keçirməkdir. Kiminsə buna şübhəsi ola bilməz. PFL yarandığı gündən bəri heç bir komandaya qarşı haqsızlıq etməyib.

- İştirakçı komandaların sayı ilə bağlı ciddi narazılıq var. Gələcəkdə say artımı nəzərdə tutulub?
- Bu, bizi də narahat edir. Sponsor varsa, çağırın gəlsin. Sponsorlar da qaçırlar. Hamı çəkici bir yerə vurmalıdır. Neçə müddətdir heç bizim də sponsorumuz da yoxdur. İndi klub sayının azlığına görə nə futbol ictimaiyyətini, nə də AFFA-nı qınamaq olar. Püşkə bir saat qalmış gələn varsa, buyursun.

- Tamaşaçıların oyunlara buraxılması ilə bağlı bir yenilik var?
- Çempionatın startına bir həftə qalmışa qədər müraciət olacaq. Gündən-günə yoluxma sayı artır. Say artımı olmasa, razılıq verilə bilər. Çempionatın startına bir həftə qalmış bir cavab verilər.