17:03 30-07-2021
news_image
276
FUTBOL

“Atalanta”nın futbolçusunu transfer etdi – “Qəbələ”

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” şimali makedoniyalı İsnik Alimi ilə güclənib.

27 yaşlı yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. Bu, “Qəbələ”nin yay fasiləsindəki 5-ci transferi olub. Bölgə təmsilçisi Alimiyə qədər Urfan Abbasov, Məqsəd İsayev, Nicat Mehbalıyev və Kristof Atanqana-Assimba ilə anlaşıb.

Qeyd edək ki, İsnik Aliminin son klubu İtaliya “Atalanta”sı olub. 2015-2021-ci illərdə Berqamo təmsilçisinə məxsus olan orta sahə oyunçusu bu müddətdə icarə əsasında İtaliya klubları “Makerateze” (2015-16), “Forli” (2016-17), “Viçentsa” (2017-18), “Rimini” (2018-19), “İmoleze” (2019-20), həmçinin Xorvatiya “Şibenik”ində (2020-21) çıxış edib.

O, karyerası ərzində Şimali Makedoniyanın “Ohrid” (2011), Xorvatiyanın “Noviqrad” (2012), İtaliyanın “Kyevo” (2014-15) və “Lumezzane” (2014-15, icarədə) klublarının da formasını geyinib. Alimi Şimali Makedoniyanın U-19 (2011-12), Albaniyanın U-21 (2014-16) milli komandalarının da şərəfini qoruyub.