14:31 02-08-2021
news_image
629
TOKİO-2020

Tokio-2020: Ümid bürüncə qaldı - YENİLƏNİB

Azərbaycan güləş yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Apasport.az saytının məlumatına görə, ilk olaraq iki idmançımız xalça üzərinə çıxıb.

Yunan-Roma güləşçimiz Rafiq Hüseynov və qadın pəhləvanımız Elis Manolova qüvvəsini sınayıb. Hüseynov 1/4 finalda, Manolova isə 1/8 finalda məğlub olmasına baxmayaraq, hər ikisi bürünc medal şansını itirməyib. Güləşçilərimiz sabah təsəlliverici görüşlərə qatılacaqlar.

Güləş
2 avqust
Yunan-Roma
77 kq

Avropa çempionu Rafiq Hüseynov ilk görüşdə isveçli Aleks Kessidislə qarşılaşıb. İki dünya ikincisinin mübarizəsindən həmyerlimiz qalib ayrılıb. 1:1 hesabıyla yekunlaşan görüşdə güləşçimiz sonuncu xal prinsipinə əsasən 1/4 finala yüksəlib. Lakin 33 yaşlı idmançımız bu uğurunu davam etdirə bilməyib. O, 1/4 finalda Akjol Mahmudova məğlub olub - 1:9. Qırğızıstan güləşçisi finala vəsiqə qazandığından, Hüseynov üçün bürünc medal şansı yaranıb. Güləşçimiz sabah təsəlliverici görüşdə tunisli Lamjed Maafi ilə qarşılaşacaq. Bu duelin qalibini bürünc medal uğrunda görüşdə ermənistanlı Karapet Çalyan gözləyir.

Qadınlar
68 kq

Elis Manolova üçün yarış uğursuz başlayıb. Avropa çempionu 1/8 finalda Nigeriya təmsilçisi Blessinq Oborududuya yenilib - 2:13. Afrikalı finala qədər irəlilədiyindən, Manolovanın bürünc medal şansı davam edib. O, sabah təsəlliverici görüşdə Meerim Jumanazarovaya (Qırğızıstan) qalib gəlməyə çalışacaq. Təmsilçimiz bunu bacarsa, monqolustanlı Battsetseq Soronzonboldla bürünc medal görüşünə çıxacaq.

Təsəlliverici qarşılaşmalar sabah 06:00-da start götürəcək.

Qeyd edək ki, güləşçilərimizdən avqustun 3-də İslam Abbasov (87 kq, yunan-Roma güləşi), 5-də Turan Bayramov (74 kq), 6-da Hacı Əliyev (65 kq), Şərif Şərifov (97 kq, hər üçü sərbəst güləş) və Mariya Stadnik (50 kq, qadın güləşi) mübarizəyə qoşulacaq.